Azərbaycanda sahibkarlıq və liderlik sahəsində gənclər üçün nümunəyə çevrilmiş simalardan biri də Elşən Rəhimovdur. O, ölkədə biznes təhsili istiqamətində ilk brendləşmiş tədris mərkəzlərindən birinin qurucusu kimi həm təşəbbüskarlığı, həm də praktiki biliklərin paylaşılmasındakı rolu ilə seçilir. Yurd.Media ilə söhbətində Elşən Rəhimov öz uğur yolundan, liderlik fəlsəfəsindən və gələcək nəsil sahibkarlar üçün dəyərli tövsiyələrindən danışıb.
“Məncə, təsadüf olmur. Hər şey müəyyən düşüncələrin, qərarların nəticəsidir. Mənim yolum daha çox tələbatın nəticəsi idi, nəinki əvvəlcədən qurulmuş plan”, - E. Rəhimov deyir.
O bildirir ki, ixtisasca maliyyəçi olsa da, ilk vaxtlar iş tapmaqda çətinlik çəkib və bu, onu yeni biliklər qazanmağa sövq edib:
“Təhsilimi Misirdə aldım, amma burada beynəlxalq mühasibatlığa tələbat yox idi. Öyrənməyə davam etməli idim – bu, mənə dözümlü və çevik olmağı öyrətdi”.
Azərbaycan Bank Tədris Mərkəzində işlədiyi illər onun üçün əsl məktəb olub:
“Bu layihə mənə göstərdi ki, öyrənmək heç vaxt bitmir. Paralel olaraq Azərbaycanda MBA proqramına daxil oldum və bu, mənim dünyagörüşümü dəyişdi”.
Daha sonra mentorunun dəstəyi ilə GRBS şirkətini təsis edib və ilk dəfə ölkəyə ACCA, CIMA, həmçinin TOEFL, IELTS imtahan mərkəzlərini gətirib:
“Yüzlərlə gənci hazırladıq, materialları azərbaycancaya çevirdik ki, daha çox insan bu imkanlardan istifadə etsin. Təhsil həyatları dəyişir – mən də bu dəyişimin bir hissəsi olmaqdan zövq alıram".
O, 2014-cü ildə yeni mərhələyə keçid edib və Barattson şirkətini qurub:
“Böhran məni dayandırmadı. Əksinə, sıfırdan başlayaraq daha güclü bir brend yaratdım. Gənclərə də deyirəm: hər düşüş yeni qalxış üçün fürsətdir”.
Elşən Rəhimov vurğulayır ki, gənclər bir müddət daha təcrübəli insanlarla işləyib, təcrübə qazanmalı, sonra öz işlərini qurmağa çalışmalıdırlar:
“Təhsilinizə daim yatırım edin – bu, ən yaxşı sərmayədir”
“Böhranlardan qorxmayın, onlar sizi daha möhkəm edəcək”
“Balaca addımlarla başlamaqdan utanmayın – böyük uğurlar belə başlayır”
“Bazarda hansı bacarıqlar tələb olunursa, onları öyrənin, daim yeniləyin”
“Heç vaxt öz yolunuzdan dönməyin, çətinliklər sizi dayandırmasın”
Yaxşı rəhbər olmaq üçün Elşən Rəhimov bildirib ki, ən vacib şərt öz əməkdaşlarınla dürüst davranmaqdır:
“Lider ilk növbədə nümunə olmalıdır – dediyini özü etməlidir”
“Komandaya inanmaq və onları motivasiya etmək uğurun əsas şərtidir”
“Ən çətin qərarları belə ədalətli və şəffaf vermək lazımdır”
“İnkişaf yalnız şəxsi deyil, komandanın da inkişafıdır – birlikdə öyrənmək liderliyi gücləndirir”
“Lider böhranda soyuqqanlı qalmağı bacarmalı və komandanı da sakitləşdirməlidir”
"Hər bir insan həyatda yıxılıb qalxa bilər, lakin onu yetkin edən topladığı təcrübə və biliklərdir. İnsan gərək hər bir şeyi fürsətə çevirə bilsin və ruhdan düşməsin"
Foto: Sadıq Əliverdibəyli