Dünyanın ən böyük neft xidməti şirkətlərindən olan “Schlumberger logelko inc.” şirkətinin Azərbaycandakı filialı yenidən gömrük qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə protokol yazılıb.
Protokola əsasən, şirkətinin Azərbaycandakı nümayəndəliyinin ünvanına gələn mallar nəqliyyat vasitəsi ilə “Böyük Kəsik” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olub, lakin həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına 15 gündən gec təqdim edilib.
İnzibati protokola baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə şirkət 300 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, şirkət bundan əvvəldə eyni əməllərə görə, dəfələrlə inzibati xəta törədib.
“Schlumberger logelko inc.” Azərbaycanda 1997-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Codi Vuddur (Jodi Leigh Wood). BP-nin başçılıq etdiyi konsorsiuma xidmətlər göstərir.