Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Nərimanov rayonunda yerləşən “Mango” geyim mağazasına böyük məbləğdə cərimə yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Metropark” ticarət mərkəzində yerləşən “Mango” geyim mağazasında ayaqqabının üzərindəki qiymət kağızında qiymətinin 105,99 manat göstərilməsinə baxmayaraq kassada 119,99 manata satılıb.
Məlum olub ki, “Mango” geyim mağazasında “Sandals Zasos” markalı ayaqqabını müştəri bəyənib və satış rəfində onun qiymətinin 105,99 manat olduğunu görüb.
Elə həmin yerdə də ayaqqabının və qiymət etiketinin şəklini çəkib, digər ayaqqabılara baxmaq üçün başqa mağazalara gedib, bəyəndiyi olmadığı üçün yenidən “Mango” geyim mağazasına qayıdıb. Onun istədiyi 37 ölçüdə və istədiyi rəngdə digər müştəri üçün sifarişlə gətirilmiş ayaqqabını kassadakı rəfdən razılaşaraq alıb, ödəniş edərkən məhsulun qiymətinin satış vitrinində olan eyni ayaqqabının etiket qiymətindən 14 manat baha olduğu məlum olub.
Bu barədə soruşduqda avronun məzənnəsinin qalxması ilə əlaqədar qiymət dəyişikliyi edildiyi bildirilib.
Nəticədə, mağazaya İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Mango” geyim mağazasına 4 min manat məbləğində cərimə yazılıb.
Bu qərardan mağazanın rəhbərliyi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.