Marketlər və pərakəndə satış şəbəkələri üçün ən ciddi problemlərdən biri mağaza daxilində baş verən oğurluq hallarıdır. Hər il minlərlə market bu səbəbdən maddi ziyana düşür və buna qarşı müxtəlif texnoloji üsullar tətbiq edilir.
Azərbaycanda da son illər bu istiqamətdə mühüm addımlar atılır. Böyük hipermarketlər, geyim mağazaları və hətta kiçik dükanlar video-müşahidə sistemləri, təhlükəsizlik qapıları və siqnal cihazları vasitəsilə oğurluğun qarşısını almağa çalışır.
Yurd.Media-ya açıqlama verən “Bravo” hipermarketlər şəbəkəsinin təhlükəsizlik xidmətinin rəis müavini Mətin Mahmudov bildirib ki, oğurluq halları əsasən mövsümdən asılı olaraq dəyişir:
“Yay aylarında müştərilər daha çox xırda məhsulları gizlətməyə çalışırlar. Çünki o dövrdə geyimlər nazik olur, iri məhsulu gizlətmək çətindir. Qışda isə insanlar pencək və kurtka geyindiyinə görə, daha iri həcimli məhsulları oğurlamağa cəhd göstərirlər. Əsasən bahalı kərə yağı, alkoqollu içkilər və bəzən kosmetik vasitələr hədəf olur”.
Mətin MahmudovRəis müavini qeyd edir ki, “Bravo” hipermarketlərində təhlükəsizlik sistemi çoxsəviyyəlidir:
“Hər bir mağazada dörd istiqamətli müşahidə kameraları, dövri nəzarət edən mühafizəçilər və xüsusi səs siqnal sistemləri fəaliyyət göstərir. Müştəri məhsulu ödənişsiz çıxarmağa çalışarsa, sistem dərhal səs siqnalı verir və mühafizəçilər həmin şəxsə yaxınlaşır. Əgər ilk dəfədirsə, xəbərdarlıq edilir, təkrar hal olarsa, polisə məlumat verilir”.
Mətin Mahmudov əlavə edib ki, bəzən sistem yanlış siqnal verə bilər, lakin kameraların və nəzarətçilərin koordinasiyalı işi sayəsində kimə yaxınlaşmaq lazım olduğunu müəyyənləşdirmək asan olur.

O bildirib ki, bəzi hallarda uşaqlar valideynlərindən xəbərsiz məhsulu cibinə qoyur və bu zaman məsələ sadəcə xəbərdarlıqla həll olunur:
“Biz belə halları oğurluq kimi qiymətləndirmirik. Sadəcə, valideynə yaxınlaşıb izah edirik və məhsul kassada qaytarılır”.
Mətin Mahmudovun sözlərinə görə, “Bravo”da daimi nəzarətdə saxlanılan şəxslər var — bu insanlar əvvəllər oğurluq cəhdinə görə tanınan müştərilərdir və onlara xüsusi diqqətlə yanaşılır.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində bu problem daha geniş miqyas alıb. Böyük pərakəndə şəbəkələr yeni texnologiyalar — üz tanıma sistemləri, ağıllı kameralar və analiz proqramları ilə bu halların qarşısını almağa çalışır. Məsələn, Böyük Britaniyada “Tesco” və “Sainsbury’s” mağazalarında müştəri davranışını izləyən süni intellekt əsaslı sistemlər quraşdırılıb.
ABŞ-da aparılan son araşdırmalara görə, 2024-cü ildə pərakəndə satış sektorunda oğurluq səbəbindən ümumi itkilərin həcmi 86,6 milyard dollar təşkil edib. Milli Pərakəndə Federasiyasının (NRF) hesabatına əsasən, oğurluq halları əvvəlki illə müqayisədə 8 faiz artıb.
Eyni zamanda, oğurluq edənlərin yalnız təxminən 15-20 faizi yerindəcə yaxalanır. Qalan hallarda isə hadisələr yalnız video sübutlar vasitəsilə sonradan müəyyən edilir.
Marketlərdə baş verən oğurluq halları artıq sadəcə mühafizəçilərin diqqəti ilə deyil, texnologiyanın dəstəyi ilə nəzarətdə saxlanılır. Lakin həm xaricdə, həm də Azərbaycanda bu məsələ hələ də pərakəndə ticarətin ən aktual problemlərindən biri olaraq qalır.

Foto: Sadıq Əliverdibəyli