“AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) reklam qaydalarını pozduğuna görə cərimələnib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən şirkətə İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə protokol tərtib edilib.
Qeyd olunub ki, “İnstagram” sosial şəbəkəsində “lazer_servisi” səhifəsində şirkətin satışını həyata keçirdiyi “A7” markalı epilyasiya cihazının adını çəkməklə və göstərməklə köhnə olması ilə bağlı reklam yerləşdirib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 1000 manat miqdarında cərimə edilib.
Bu qərardan “AzCosmetics” apellyasiya şikayəti verərək bildirib ki, videonun heç bir hissəsində müqayisə edilən məhsulun pislənməsi baş verməyib və “A7” markalı lazer cihazının “Sunlight” avadanlığına münasibətdə beş nəsil köhnə avadanlıq olması qeyd edilib. Lakin Bakı Apellyasiya Məhkəməsinin bu şikayət təmin etməyib.
Qeyd edək ki, digər məhkəmələr də “AzCosmetics” MMC və onun direktoru Kənan Zeynalova qarşı bir sıra qərarlar qəbul edib. Bildirilib ki, şirkət rəqibi olan “Az Estetik Group” MMC-nin lazer cihazlarını saxta və keyfiyyətsiz kimi tənqid edərək haqsız reklam və rəqabət apardığına görə reklam qanunvericiliyinin tələblərini pozub. Bu səbəbdən şirkət 1000 AZN məbləğində cərimə edilib. Bundan əlavə, “Azcosmetics” məhkəmə qərarlarını icra etmədiyi - yəni, nüfuzu ləkələyən videoları silmədiyi və təkzib vermədiyi üçün məhkəmə qərarları ilə şirkətə 3000 AZN, direktor Kənan Zeynalova isə 1200 AZN inzibati cərimə tətbiq olunub. Bu tədbirlərlə yanaşı, qətnamənin icrasından yayındığı üçün Kənan Zeynalova ölkədən çıxış qadağası qoyulub.