SÜJET
Pakistan ordusu Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara start verib.
Yurd.Media xəbər verir ki, bu haqda “Geo TV” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
"Hindistanın davam edən təxribatlarına bilavasitə cavab olaraq Pakistan genişmiqyaslı hərbi əməliyyata başlayıb.", - kanalın məlumatında bildirilir.
Əməliyyatın ilk saatlarında Pakistan kiberhücum nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70%-ni sıradan çıxarıb.
Hindistanın Cammu və Kəşmir əyalətinin iki rayonunda Pakistanla gərginlik fonunda elektrik enerjisi tamamilə kəsilib.
Daha sonra Pakistan Hindistanın Adampur aerodromunu məhv edib. Həmçinin, Şrinaqardakı aviabazanın vurulduğu, Çandiqarhdakı silah anbarının məhv edildiyi ilə bağlı məlumat yayılıb.
Pakistanın Hindistana qarşı hərbi əməliyyatlara başlamasından və Hindistanın bir neçə hərbi obyektini vurmasından az sonra baş nazir Şahbaz Şərif Milli Komandanlıq Şurasının iclasını çağırıb”, - məlumatda deyilir.
İclasda nələrin müzakirə olunduğu ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, Hindistan və Pakistan arasında gərginlik aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsində törədilən terror aktından sonra artıb. Hücum nəticəsində 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.