SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
İlham Əliyevin Antalya GÖRÜŞLƏRİ - FOTO

İlham Əliyevin Antalya GÖRÜŞLƏRİ - FOTO

  • 17 aprel 2026, 13:47

Prezident İlham Əliyev bugün Antalyada bir sıra görüşlər keçirib.

Yurd.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

Söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl Şaraanın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlandı.

Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulandı.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olundu.

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunuldu.

Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olundu, münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulandı.

Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.

Dəvət məmnunluqla qəbul olundu.

***

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.

Yurd.Media xəbər verir ki, dövlətimizin başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırdı.

Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunuldu.

Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür etdi.

Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğuladı.

Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edildi.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

Yurd.Media xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlanıb.

Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olunub, əlaqələrin inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunulub.

Ölkələr arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirilib.

Maya Sandu vurğulayıb ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir.

Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları