SÜJET
İçərisində Azərbaycan vətəndaşının da olduğu ticarət gəmisinin heyəti 10 gündür Mərakeş sahilləri yaxınlığında açıq dənizdə qalıb.
Yurd.Media əldə etdiyi məlumata görə, "SEA SEAL" adı ilə üzən gəminin mühərrikində yaranmış nasazlıq nəticəsində gəmi Daxilə şəhərinin cənub sahilləri yaxınlığında dənizin ortasında qalıb. Çətin şəraitdə qalan gəmi heyətinin indiyədək əlaqədar idarələrdən və gəmi sahibi olan şirkətdən hər hansı kömək almadığı bildirilir.
Gəmi heyəti üç Türkiyə və bir Azərbaycan vətəndaşından ibarətdir. Bildirilir ki, onlar qayığı Daxilə limanına çəkib aparmaq üçün mayın 1-də əl-Uyun limanına gəliblər. Gəmi kapitanı Sərdar Aranat bildirib ki, onlar əl-Uyun sahilləri yaxınlığında bir ay gözləyiblər. Daha sonra Daxilə limanına tərəf hərəkət edərkən təqribən 15 saat sonra mühərrik xarab olub.
Gəmi kapitanı əlavə edib ki, gəminin mühərrikində yaranmış texniki problem bundan qabaq da baş veribmiş. Buqdur sahillərində 35 gün qalmış heyət Mərakeş tərəfinin dəstəyi ilə təxliyə edilmişdi.
Aranat qeyd edib ki, bu dəfə limana geri dönmələri mümkün olmayıb. Kapitan bildirib ki, gəmidə elektrik enerjisi kəsildiyindən radio vasitəsilə yardım istəyə bilməyiblər. Hazırda yemək və içmək ehtiyatı tükənir.