Gələn həftə Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığı əlaqələndirən əsas institusional mexanizm olan hökumətlərarası komissiyanın iclasını keçirəcək.
Yurd.Media Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında deyib.
E.Əliyev ölkələr arasında yüksək səviyyəli səfərlərin artıq ənənə halını aldığını və bunun ikitərəfli münasibətlərin dərinliyini əks etdirdiyini vurğulayıb.
O, ticarət dövriyyəsinin dinamikasından danışaraq, əhəmiyyətli artımı qeyd edib.
"Ticarət dövriyyəsi artıq qeyd olunub - demək olar ki, dörddə bir milyard dollar. Amma daha vacibi odur ki, bizim məlumatlara görə, son dörd ayda bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb", - Əliyev bildirib.
O, həmçinin, bu prosesin dəstəklənməsində institusional mexanizmlərin vacibliyini qeyd edib.
“Hökumətlərarası komissiya institutlarımız arasında əməkdaşlığın inkişafına töhfə verən çox mühüm alətdir”, - deyə o bildirib.
"Belə alətlərdən biri də kapitalı 500 milyon dollara yaxın olan birgə investisiya fondudur. Fondun müşahidə şurası çərçivəsində Azərbaycan və Özbəkistan nümayəndələri artıq 12 konkret layihə müəyyən ediblər".
O əlavə edib ki, ikitərəfli əlaqələri daha da gücləndirmək üçün Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açmağı planlaşdırır.
“Bu, Azərbaycanın dünyada sayca altıncı ticarət missiyası olacaq və biz əminik ki, bu, iqtisadi əlaqələrimizin inkişafına yeni təkan verəcək”, - deyə Elnur Əliyev yekunlaşdırıb.