SÜJET
Bəşəriyyətin ən cəsarətli hədəfi olan Mars kolonizasiyası sadəcə “kosmosa gedək” romantikası deyil, iqlim böhranları, resurs məhdudiyyəti və texnoloji sıçrayışlar yarışı fonunda yeni “sığorta planı”dır. Hər Starship sınağı, NASA-nın Ay üzərində qurduğu kiçik düşərgə və Çinin Phobos helikopterinin havalanması Qırmızı planetdə gələcək şəhərlərin ilk kərpiclərini virtual şəkildə düzməyə başlayır. Təsadüfi deyil ki, dünyanın ən böyük raketi "Starship" hər test uçuşu ilə Cənubi Texas göylərini sarsıdır və Elon Mask 2030-cu illərin ortasında Marsda 1000 ədəd "Starship"dən ibarət “hava körpüsü” qurmağı planlaşdırır. Bu ambisiya təkcə texnoloji cəsarət deyil, həm də növbəti onilliklərdə milyardlarla insanın taleyini dəyişəcək bir ssenaridir.
Niyə məhz Mars?
Qısaca belə cavab verək: Elmi cəhətdən – həyatın başlanğıcını, geoloji tarixini və Günəş sistemində suyun izlərini araşdırmaq üçün, sivilizasiya baxımından isə fəlakət ehtimalını diversifikasiya etmək, yeni iqtisadi sahələr açmaq və bəşəriyyətə “ikinci ev” qazandırmaq üçün. NASA insan göndərməni 2040-cı ilə hədəfləyir, Çinin kosmik agentliyi isə 2030-cu illərin əvvəlinə dair ilkin konsepsiyalar üzərində işləyir.
Kosmik magistral: "Starship" və rəqibləri
"SpaceX Starship" –150 ton yük, tam təkrar-istifadə oluna bilən, ilk pilotsuz enişi 2026-cı ilə planlaşdırılır. Uzunmüddətli məqsəd isə ildə yüzlərlə uçuşla tədarük zənciri qurmaqdır.
NASA-nın “Ay-Mars” arxitekturası – Artemis vasitəsilə Ayda daimi infrastruktur, sonra Marsa sürətli tranzit qarşıya məqsəd qoyulub. Maraqlıdır ki, Agentlik 2024-2028-ci illərdə Ayda yaşayış modulunu sınaqdan keçirib radiasiya sığınacaqlarını test etməyi planlaşdırır.
Avropa və Çinə gəldikdə onlar ESA 2028-də "Rosalind Franklin" roverini, Çin isə "Tianwen-3" helikopterli nümunə-qaytarma missiyasını işə salır. Hər ikisi insan missiyası öncəsi kritik məlumat toplayacaqdır.
Əsas sınaqlar: Resurslardan istifadə və sağ qalma
Marsda uzunmüddətli qalmağın açarı ISRU-dur (in-situ resource utilization) – atmosferdəki CO₂-ni oksigenə, su buzunu içməli suya, regolit tozunu isə 3D-print edilmiş kərpiclərə çevirmək. Son tədqiqatlar göstərir ki, regolitdən hazırlanmış 30 sm-lik qalın divar radiasiya dozunu ≈ 40 % azaldır.
Yaşamaq üçün məkan: Qaya döşəməsində şəhərlər
Mühəndislər lav tunellərini təbii sığınacaq kimi xəritələşdirir, müasir layihələr isə CO₂-dən sintez olunan polietilen panellər və buz-regolit kombinasiyası ilə modul “iglu”lar təklif edir. Avtonom robot briqadaları 6 aya qədər tam bir habitat qura biləcək səviyyəyə çatdırılır.
İnsan faktoru
Aşağı çəkisi səbəbindən sümük itkisindən tutmuş, 22 dəqiqəlik rabitə gecikməsinə qədər psixoloji təcrid riskləri var. NASA-nın 2024-ci il hesabatında “mavi günəş lampaları”, “virtual reallıq bağları” və müstəqil tibbi süni-intellekt sistemləri vacib həll kimi qeyd olunur.
Hüquq və etika
Gəlin sualı belə qoyaq: Kim Marsa “sahib” çıxa bilməz?
1967-ci il "Outer Space Treaty" ("Kosmik müqavilə") deyir ki, heç bir ölkə və ya şirkət Ayı, Marsı və ya başqa göy cismini “öz torpağı” elan edə bilməz. 1979-cu il "Moon Agreement" ("Ay müqaviləsi") bunu bir qədər də aydınlaşdırır, amma bu sənədi çox az dövlət imzaladığından qaydalar hələ tam oturuşmayıb.
Göy cismlərində resursları kim çıxara bilər?
Beynəlxalq hüquqi tənzimləmədə boşluqlar olduğundan ölkələr öz qanunlarını qəbul etməyə başlayıbdır. ABŞ-ın 2015-ci il “Space Resource Act”-ı, ardınca Lüksemburq (2017), Yaponiya (2021) və BƏƏ (2022) kimi dövlətlərin qanunları şirkətlərə “çıxardığın filizi apar, sat” prinsipi ilə mülkiyyət hüququ verib. Bu yanaşma beynəlxalq səviyyədə birmənalı qarşılanmadığından, BMT-nin COPUOS Hüquq Alt-Komitəsi 2024-cü ildə “kosmik resurslar” üzrə ümumi prinsiplər layihəsini müzakirəyə çıxarıb; paralel olaraq NASA-nın təşəbbüsü ilə irəli sürülən “Artemis Accords” artıq 55 imzaya (sonuncu: Norveç, 15 may 2025) çataraq resurs istifadəsini “şəffaf, dayanıqlı və qarşılıqlı xəbərdarlıq zonasına” bağlamağı təklif edir.
Marsdakı koloniyalar hansı qanuna tabe olacaq?
Marsda uzunmüddətli koloniyalar hüquqi baxımdan hələ də Yerə “bağlıdır”. Belə ki, "Outer Space Treaty"nin 6-cı maddəsinə görə kosmosa aparat göndərən hər bir dövlət oradakı fəaliyyətə görə cavabdehdir. Yəni sabah SpaceX Marsda bazalar salsa, orada çalışanlar əslində ABŞ qanunlarının “qoruması” və nəzarəti altında olacaqlar.
Bəzi hüquqşünaslar "Mars Əsas Qanunu" (“Mars Basic Law”) kimi yeni özünüidarə mexanizmləri, yaxud Antarktika müqaviləsinə bənzər çoxtərəfli rejim barədə konsepsiyalar irəli sürür, lakin “insan hüquqları, əmək normativləri və mülkiyyət rejimi” məsələləri hələ açıqdır.
Planetin qorunması
Planetar mühafizə və ekoloji etika ikinci böyük mübahisədir. NASA və beynəlxalq COSPAR qaydaları “planetar mühafizə” adlanan prinsipi tətbiq edir: mikrobları özümüzlə aparmamaq və oradakı mümkün həyat izlərini məhv etməmək üçün ekspedisiyalar qabaqcadan steril şəraitdə hazırlanır, bəzi həssas ərazilərə isə ümumiyyətlə giriş qadağası nəzərdən keçirilir.
Qəza və zərərə görə kim cavabdehdir?
1972-ci il tarixli "Məsuliyyət Konvensiyası" ("Liability Convention" ) kosmosda baş verən qəzalara görə dövlətləri “tam məsuliyyətli” sayır. Ancaq Mars səthində, özəl sektorun törədə biləcəyi ekoloji və ya texnoloji fəsadların necə kompensasiya olunacağı – sığorta, arbitraj və s. – hələ dəqiq müəyyənləşdirilməyib. Bu səbəbdən Mars kolonizasiyası təkcə mühəndislik layihəsi deyil, həm də gələcək nəsillər üçün ədalətli və təhlükəsiz qaydalar formalaşdırmaq işidir.
Marsla bağlı görüləcək işlərib xronologiyasını əks etdirən Taymlayn – yol xəritəsinin real xətləri:
2025 – Starship orbital təkrar uçuşları
2026 – ilk pilotsuz Starship enişi, ISRU texnologiyalarının sınağı
2028 – ESA Rosalind Franklin, Çin Tianwen-3 nümunə-qaytarma
2031 – Mars nümunələrinin Yerə qayıtması (Çin), NASA+ESA ssenarisi
2033-2035 – mümkün ilk insanlı orbit və Phobos/Deimos sınağı
2038-2040 – NASA “Shoemaker Base” prototipi və daimi yaşayış modulu
2045+ – 1 000 nəfərlik “New Dawn” şəhərciyinin təməlləri (SpaceX proqnozu)
Qırmızı Planetin Yaşıl Arzuları
Dediklərimizi yekunlaşdırsaq, o qənaətə gələ bilərik ki, Mars kolonizasiyası artıq “elmi-fantastika səhnəsindən” mühəndis cədvəlinə köçürülüb. Bu gün orbitdəki hər uğurlu "Starship" testinə, Ay torpağında atılan hər addıma görə Marsda gələcək fermerlər, geoloqlar və müəllimlər üçün bir küçə adının çəkildiyini təsəvvür etmək artıq romantika deyil – yaxın tarixdir. Hekayənin davamını yazmaq isə Yer kürəsində yaşayan 8 milyard insanın kollektiv iradəsinə bağlıdır. Mənzərə qırmızıdır, ümid isə yaşıl...