Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra beynəlxalq səfərlərindən danışarkən, gələcəkdə Azərbaycana səfər edə biləcəyini bildirib.
Yurd.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, səsvermədən sonra media nümayəndələrinin suallarını cavablandıran hökumət başçısı qələbə qazanacağı təqdirdə Moskva, Vaşinqton, Brüssel, Paris və Tbilisiyə səfərlər edəcəyini deyib.
"Moskva, Vaşinqton, Brüssel, Paris və Tbilisiyə səfərlərimi davam etdirəcəyəm. Eyni zamanda, ümid edirəm ki, 2028-ci ildə Bakıda keçirilməsi planlaşdırılan "Avropa Siyasi Birliyi"nin sammitində iştirak etmək imkanım da olacaq" - Paşinyan qeyd edib.
Baş nazir, həmçinin regional layihələrin əhəmiyyətini vurğulayaraq hazırda Azərbaycanla sülh prosesinin mövcud olduğunu və açılacaq nəqliyyat marşrutlarının hər iki ölkəyə böyük iqtisadi üstünlüklər qazandıracağını bildirib.
Qeyd edək ki, "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.