SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Valideynlər uşaqlarına məktəbə alışma dövründə dəstək olmaq istəyərkən ən çox bu səhvlərə yol verirlər

Valideynlər uşaqlarına məktəbə alışma dövründə dəstək olmaq istəyərkən ən çox bu səhvlərə yol verirlər

Bu gün Azərbaycanda "Bilik günü" qeyd edilir. Deməli, artıq dərslərin tədrisinə start verilir. Şagirdlər tətil müddətindən qayıdıblar və mental-fiziki olaraq adaptasiyada çətinlik yaşamaları gözləniləndir. Bəzən valideynlər uşaqlarına məktəbə alışma dövründə bu səhvlərə yol verirlər...

"Əsas səhvlərdən biri valideynlərin “redaktor” rolunu öz üzərinə götürməsidir. Uşağın yazılarını xırda səhvlərlə doldurmaq öyrənməni təşviq etmir. Əksinə, uşağın özünü mühakimə altında hiss etməsinə səbəb olur. Daha faydalı yanaşma sadə ipucları vermək və uşağın səhvləri özünün düzəltməsinə şərait yaratmaqdır.

Digər səhv uşağın suallarına münasibətdə ifratçılıqdır. Bəzən valideynlər sualları görməzlikdən gəlirlər, bəzən isə həddən artıq uzun cavablar verirlər. Bu, ya marağın itməsinə, ya da yalnız böyüklərin cavabları ilə kifayətlənməyə gətirib çıxarır".

Bunu Yurd.Media-ya açıqlamasında Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu Rövşən Nəcəfov deyib. O, ən düzgün yanaşma uşağı düşünməyə sövq etmək olduğunu qeyd edib:

"Valideynlər çox vaxt faktların əzbərlənməsinə üstünlük verirlər. Riyaziyyatda qısa yollar öyrətmək və ya söz siyahılarını əzbərlətmək biliklərin mahiyyətini kölgədə qoyur. Halbuki, əsas məqsəd uşağın düşündüyünü izah etməsi və öyrəndiklərini tətbiq edə bilməsidir.

Digər səhv inkişaf mərhələlərinə həddən artıq fokuslanmaqdır. Valideynlər uşağın müəyyən yaşda mütləq oxumağı və ya riyaziyyatda nəticə göstərməsini tələb edirlər. Halbuki, inkişaf hər uşaqda fərqli gedir. Gündəlik kiçik nailiyyətləri görmək və dəyərləndirmək daha sağlam yanaşmadır.
Valideyn uşağın ən mühüm dəstəkçisidir. Səhvləri öyrənmənin bir hissəsi kimi qəbul etmək, pozitiv ünsiyyət qurmaq və nailiyyətləri dəyərləndirmək uşağın məktəbə uyğunlaşmasını asanlaşdırır. Öyrənməni isə davamlı prosesə çevirir".

Prime Leasing