Novruz və Ramazan bayramları münasibətilə ölkənin bir sıra ali təhsil müəssisələrində inzibati və pedaqoji heyətin mükafatlandırılması nəzərdə tutulub. Universitet rəhbərlikləri əməkdaşların sosial rifahının yaxşılaşdırılması məqsədilə müxtəlif məbləğlərdə maddi dəstək göstərildiyini açıqlayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev Yurd.Media-ya açıqlamasında bildirib ki, ali təhsil müəssisəsində bayramlar ərəfəsində müntəzəm olaraq inzibati və akademik heyətə mükafatlar verilir.
“ADPU-da əsas bayram günlərində inzibati və akademik heyətin bayram münasibətilə mükafatlandırılması ənənə halını alıb”, – deyə o qeyd edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev Yurd.Media-ya bildirib ki, universitetdə xüsusi günlərdə əməkdaşların sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
Onun sözlərinə görə, 2026-cı ilin Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq AzMİU-da həm yardımçı heyətə, həm də pedaqoji heyətə əməkhaqqının 40 faizi həcmində mükafat yazılıb və artıq ödənilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Müşfiq Yurd.Media-ya bildirib ki, universitetin kollektivi Novruz və Ramazan bayramları münasibətilə maddi dəstək alacaq.
“Mədəniyyət və İncəsənət Universitetində əməkdaşlara bayram münasibətilə 200 manat məbləğində pul mükafatı verilməsi nəzərdə tutulub”, – deyə o qeyd edib.

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat katibi Sevinc İsgəndərova Yurd.Media-ya qeyd edib ki, əvvəlki illərdə olduğu kimi bu il də bayram günləri münasibətilə universitet əməkdaşlarının mükafatlandırılması planlaşdırılır.
