SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Tibb məntəqəsiz peşə məktəbləri: Şagirdlərin sağlamlığı RİSK ALTINDA - ARAŞDIRMA

Tibb məntəqəsiz peşə məktəbləri: Şagirdlərin sağlamlığı RİSK ALTINDA - ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən bir çox peşə təhsili müəssisəsində tibb məntəqəsi və ya ilkin tibbi yardım otaqlarının olmaması təhsilalanlar üçün təhlükəsizlik riski yaradır. Xüsusilə istehsalat təlimləri zamanı və ya tələbələrin səhhətində qəfil problem yarandıqda, yerində ilk tibbi yardım göstərə biləcək mütəxəssisin olmaması ciddi narahatlıq doğurur.

Mövzu ilə bağlı Yurd.Media-ya açıqlama verən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri, təhsil mütəxəssisi Elnur Hacıyev bildirib ki, mövcud normativ hüquqi sənədlərdə peşə məktəblərində tibb məntəqəsinin yaradılması konkret tələb kimi göstərilməyib.

Bununla belə, ekspert vurğulayıb ki, peşə təhsili müəssisələrində tibbi xidmətin təşkili mütləqdir. Onun sözlərinə görə, tibbi xidmətin təşkili ilə bağlı müddəalar “Təhsil haqqında” Qanunda və Əmək Məcəlləsində əksini tapıb.

təhsil mütəxəssisi Elnur Hacıyevtəhsil mütəxəssisi Elnur Hacıyev

Elnur Hacıyev qeyd edib ki, peşə məktəblərində istehsalat təlimlərinin aparılması, müxtəlif avadanlıqlarla işləmək, eləcə də elektrik, mexanika, qaynaq, kimya kimi riskli ixtisasların mövcudluğu ilk tibbi yardımın yerində təmin olunmasını zəruri edir:

“Peşə məktəblərində ilk tibbi yardımın operativ şəkildə göstərilməsi vacibdir. Hər bir peşə məktəbi öz imkanlarına və ehtiyaclarına uyğun olaraq tibbi xidmət təşkil edə bilər”.

Ekspertin sözlərinə görə, tibbi xidmət müxtəlif formalarda təşkil oluna bilər:

- tam fəaliyyət göstərən tibb məntəqəsi;

- ilkin tibbi yardım otağı;

- yaxınlıqdakı tibb müəssisəsi ilə müqavilə əsasında tibbi xidmətin təşkili.

E. Hacıyev konkret sualı cavablandıraraq bildirib ki, peşə məktəblərində tibb məntəqəsinin olması məcburi olmasa da, tibbi xidmətin təşkili mütləqdir və bu, müəssisənin ölçüsünə və risk səviyyəsinə uyğun müəyyənləşdirilməlidir.

Mövzu ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, peşə təhsili müəssisələrində tibbi otaqların yaradılması mövcud normativ tələblərə uyğun həyata keçirilir və bəzi müəssisələrdə ayrıca tibb məntəqəsinin olmaması əsasən infrastruktur imkanları ilə bağlıdır:

"Bununla belə, tibbi xidmətin təşkili məqsədilə tibb otaqlarının yaradılması nəzərdə tutulur və bu istiqamətdə müvafiq tədbirlər görülür".

Qurumun açıqlamasında qeyd olunub ki, səlahiyyət bölgüsünə əsasən, peşə təhsili müəssisələrinin tədris prosesi və infrastruktur təminatı Elm və Təhsil Nazirliyinin, tibbi xidmətlərin təşkili və səhiyyə işçilərinin fəaliyyəti isə Səhiyyə Nazirliyinin səlahiyyətinə daxildir. Eyni zamanda, peşə təhsili müəssisələrinin ştat cədvəllərində həkim və ya tibb bacısı ştat vahidi nəzərdə tutulmayıb.

Agentliyin məlumatına görə, dərs zamanı və ya müəssisə ərazisində tələbələrin səhhətində qəfil problem yarandıqda ərazi üzrə xidmət göstərən tibb müəssisəsindən tibb bacısının tədris prosesində iştirak üçün cəlb edilməsi, və ya həmin tibb işçisinin günün birinci yarısında müəssisədə olması və ilkin tibbi yardım göstərməsi, zəruri hallarda isə təcili tibbi yardım xidmətinin (103) çağırılması həyata keçirilir.

Bununla belə, mütəxəssislər hesab edirlər ki, riskli ixtisasların tədris olunduğu peşə məktəblərində tibb otaqlarının mövcudluğu tələbələrin təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusilə vacibdir və bu sahədə daha sistemli yanaşmaya ehtiyac var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları