SÜJET
Bakıda ali təhsil müəssisələrində dərslərin başlamasına sayılı günlər qalıb və bölgələrdən gələn tələbələrin əsas problemlərindən biri də yaşayış məsələsidir. Şəhərdə kirayə evlərin qiymətləri yüksək olması ilə yanaşı, bəzi ev sahibləri tələbələrə ev kirayə vermək istəmir. Belə şəraitdə yataqxanalar tələbələrin yeganə ümid yeri olur.
Yurd.Media hazırda universitetlərin tələbə evləri və yataqxanalarının yeni tədris ilinə hazırlığı məsələsini araşdırıb.
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, universitetin Tələbə Evi 220 nəfərlik tutuma malikdir. Burada tələbələr üçün çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi və 24 saat fəaliyyət göstərən təhlükəsizlik kameraları mövcuddur. Yataqxanaya əsasən şəhid və qazi övladları, valideynlərini itirmiş tələbələr, sosial həssas qrupa aid olanların övladları qəbul edilir.
Aylıq ödəniş 75 AZN təşkil edir. Rəhbərliyin məlumatına görə, yeni yataqxana binalarının tikintisi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam etdirilir.
Universitetin 1 və 2 saylı yataqxanasında Azərbaycan vətəndaşı olan qız tələbələr, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələr və 5 saylı yataqxanada isə əcnəbi tələbələr yaşayırlar:
"Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prosesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş tək nəfərlik otaqlar ayda 110 AZN, 2 nəfərlik otaqlar ayda 80 AZN, 3-4 nəfərlik otaqlar isə 60 AZN təşkil edir."
Həmçinin bildirilib ki, şəhid ailələri və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilir:
"Qazi uşaqlarına və I qrup əlil valideyini olan tələbələrə də müəyyən güzəştlər edilir. Universitet yataqxanaları həmişə Rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) Yurd.Media-ya verilən məlumata görə, universitetin yataqxanası köhnə binalardan ibarətdir və bir neçə korpusu əhatə edir. Ümumi tutumu 320 nəfərdir. Burada həm yerli, həm də əcnəbi tələbələr qalır, əcnəbilər isə sayca üstünlük təşkil edir. Otaqlar 2 və 3 nəfərlikdir: 2 nəfər qaldıqda hər biri 50 AZN, 3 nəfər qaldıqda isə hər biri 34 AZN ödəyir.
Yataqxananın gələcəkdə təmir olunması nəzərdə tutulsa da, bu barədə hələ rəsmi qərar qəbul edilməyib.
Hazırda yataqxana kompleksi tamamilə yararsız vəziyyətdədir və mövcud yaşayış standartlarına cavab vermir. Su, elektrik, qaz xətləri və kanalizasiya sistemi sakinlər tərəfindən məişət ehtiyaclarına uyğun dəyişdirilib. Ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar da yararsız hala düşüb.
Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi yekunlaşdıqdan sonra yataqxananın təmir edilməsi və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə binalar tələbələrin istifadəsinə təqdim olunacaq.
"Məcburi köçkünlərin köçürülməsindən sonra yataqxanalar yenilənərək tələbələrin istifadəsinə veriləcək."
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, Bakı şəhərində 5 tələbə yataqxanası mövcuddur. Onlardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. 5 nömrəli yataqxana isə universitetdə təhsil alan qız tələbələr üçün nəzərdə tutulub və 200 nəfərədək xanım tələbəni yerləşdirə bilir. Burada aylıq ödəniş bir tələbə üçün 85 AZN-dir. Tələbələr kommunal, internet, istirahət otaqları və digər şəraitlə təmin olunur. Otaqlar tam təmirlidir. Yataqxanaya əsasən sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul edilir.
Universitet bildirir ki, ADPU ölkənin ən böyük ali təhsil müəssisələrindən biridir və təkcə Bakı şəhəri üzrə 10 mindən çox tələbəsi var. Bu səbəbdən təbii ki, mövcud yataqxana yerləri tələbələrin ehtiyacını tam qarşılamır. Həmçinin qeyd edilir ki, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunduqdan sonra yataqxanaların vəziyyətinə baxılacaq, əsaslı təmir və yenilənmədən sonra istifadəyə veriləcək.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, nazirliyin nəzdində olan ali təhsil müəssisələrinin tabeçiliyində ümumilikdə 48 yataqxana binası var. Bunlardan 3859 nəfərlik tutuma malik 15 təmirli bina fəaliyyət göstərir.
Bundan başqa 11 təmirsiz yataqxana mövcuddur. Digər 27 yataqxana binasında isə məcburi köçkünlər məskunlaşıb və bu səbəbdən tələbələrin istifadəsinə verilməsi mümkün deyil. Nazirlik qeyd edir ki, həmin yataqxanaların “Böyük Qayıdış” proqramı çərçivəsində mərhələli şəkildə yenidən fəaliyyətə başlaması nəzərdə tutulur.
Gövhər Mərdanova