Samuxda 70 illik məktəb binasının yerində üçmərtəbəli, 4 korpusdan ibarət yeni təhsil kompleksi tikilib.
Yurd.Media xəbər verir ki, Samux rayonunun Alıuşağı kəndində yeni inşa olunan tam orta məktəb binası istifadəyə verilib.
1953-cü ildə inşa olunan təhsil ocağı ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən 2024-cü ildə üçmərtəbəli, 4 korpusdan ibarət yeni məktəb binasının inşasına başlanılıb. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, STEAM mərkəzi, hərbi təlim, tibb, əmək təlimi otaqları, eləcə də məktəbəqədər sinif otağı, kitabxana, yeməkxana, akt və idman zalları qurulub, məktəbin ərazisində açıq idman meydançası yaradılıb. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılaraq ağac və kol bitkiləri əkilib.
Məktəbin direktoru Musa Əsədov bildirib ki, yeni binanın inşası kollektiv üçün ən böyük hədiyyədir. “Müasir tələblərə cavab verən məktəbimizin olması bizi ruhlandırır. İnanırıq ki, məktəbimizin nəticələri bundan sonra daha da yaxşı olacaq”, - deyə məktəbin direktoru qeyd edib.