Sabirabad rayon Qaraağac kənd tam orta məktəbin direktoru Xəlilova Nuridə Hicran qızı cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən Xəlilovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən cərimə protokolu yazıb.
Ona inzibati xətanı törətməyə görə 1000 manat məbləğində cərimə cəzası tətbiq edilib.
Qeyd edək ki, bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə cəriməni nəzərdə tutur.
Həmin qərardan narazı qalan Xəlilova məhkəməyə müraciət edib və qərarının ləğv olunmasını istəyib.
Şirvan Şəhər Məhkəməsinin qərarı ilə şikayət təmin edilib, cərimə qərarı ləğv edilib, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Bu qərardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apelyasiya şikayəti verib. O, Şirvan Şəhər Məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən şikayət təmin olunmayıb.