SÜJET
Tovuz rayonunda müəllimə zinət əşyası təqdim olunması hadisəsinin sosial mediada müzakirəsi cəmiyyətdə korrupsiya hallarına barışmaz mövqeyin güclənməsindən xəbər verir.
Teleqraf xəbər verir ki, bunu Qazax-Tovuz Regional Təhsil İdarəsi aparıcı məsləhətçisi Nəcibə Vəliyeva Qasımova deyib.
Onun sözlərinə görə, bir qrup valideynlər zinət əşyasının bağışlanmasını normal hesab edirsə, digər qrup təhsildə, eləcə də bütün cəmiyyətdə “durulma” prosesinin tərəfdarı kimi prinsipial mövqe tutur.
"Hesab edirik ki, ikinci qrup insanların fəal vətəndaş mövqeyi və dəstəyi təhsilin sağlam dəyərlər üzərində irəliləməsinə bilavasitə təsir göstərir.
Bildiririk ki, bu hadisədə adıgedən müəllim məktəb rəhbərliyinə tədbir barədə əvvəlcədən məlumat verib, lakin direktor bu tədbirin keçirilməsini uyğun hesab etməyib. Buna baxmayaraq müəllim məktəbin və özünün nüfuzuna mənfi təsir göstərmiş bu tədbirdə iştirak etmiş (24 may tarixində) və məktəb rəhbərliyinin haqlı olduğunu “sübut” edib.
Töhmətin məğzi uyğunsuzluğu müzakirə edilmiş məsələyə müəllimin etinasız yanaşması ilə bağlıdır və intizam tənbehi iş günündə (5 iyun tarixində) verilməklə hüquqi çərçivəni aşmayıb.
Müəllim və valideynlərin tədris ilinin sonunda təmtəraqlı ziyafətlər təşkil etməsi isə başqa bir müzakirənin mövzusudur. Şagirdlərə heç bir inkişafetdirici təsiri olmayan, əksinə maliyyə və vaxt resurslarının lüzumsuz istifadəsinə gətirən bu cür tədbirlərin yolverilməzliyini pedaqoqlar dəfələrlə vurğulayıblar. Biz bu məsələdə daha optimal və öyrədici tədbirlərə üz tutmağı tövsiyə edirik.
Bir daha bütün maraqlı tərəfləri sağlam təhsil mühiti naminə etik davranış normalarına əməl etməyə çağırırıq".