Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif edildi

Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif edildi

Xankəndi

“Türk Barometri 2024 - Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələri açıqlanıb.

Yurd.Media xəbər verir ki, nəticələr barədə Bakıda Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda məlumat verilib.

Türk Dövlətləri Təşkilatının himayəsində yaradılan Beynəlxalq Türk Akademiyası tərəfindən "Türk Dünyası 2040 Vizyonu" sənədində göstərilən hədəflərə uyğun olaraq, üzv ölkələr arasında hər il "Türk Barometri" adlı genişmiqyaslı beynəlxalq tədqiqat həyata keçirilir. Bu tədqiqatın Azərbaycan üzrə icraçısı Sosial Tədqiqatlar Mərkəzidir.

Tədbir zamanı Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif edilib.

Bu təkliflə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxışında bildirib. O, qeyd edib ki, Qafqazın Konservatoriyası hesab olunan məkanda Türk Dünyası Ali Musiqi Məktəbi də inşa oluna bilər.

Tədbirdə həmçinin türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunub.

Həmin təklifi konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov irəli sürüb. Onun sözlərinə görə, belə bir institutun mərkəzi Bakı ola bilər:

"Eyni zamanda türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu, hətta ortaq universitetlərdən də vacibdir.

Bununla bərabər, Elm Fondu ilə bağlı düşüncələrə meydan verməyin də vaxtıdır. Çünki tədqiqatların coğrafiyası çox dardır".