SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
PISA 2025 nəticələri: Azərbaycandan riyaziyyatda sıçrayış, oxu bacarığı zəifdir

PISA 2025 nəticələri: Azərbaycandan riyaziyyatda sıçrayış, oxu bacarığı zəifdir

  • 08 sentyabr 2026, 14:44

Azərbaycanda oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilmir.

Yurd.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.

"Buna müəllimlərin işə qəbulundan və sertifikatlaşdırılmasından başlamalıyıq. Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, bəzi bölgələrdə şagirdlərin təxminən 80 faizinin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır:

"Regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır. Oxu savadlılığı aşağı olan bölgələrdə sertifikatlaşdırma imtahanlarında bu müşahidə olunub. Həmin bölgələrdə müəllimlərlə genişmiqyaslı iş aparmaq lazımdır. Xüsusilə, Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməlidir".

Ümumilikdə PISA 2025 nəticələrinə əsasən, Azərbaycan hər üç istiqamət üzrə dünyada ən böyük irəliləyiş göstərən 2-ci ölkə olub.

Ölkənin nəticələri riyazi savadlılıq üzrə 63, təbiət elmləri üzrə 60, oxu üzrə isə 40 bal artıb.

PISA 2025-də iştirak edən 91 ölkənin yalnız bir qismi əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə irəliləyiş göstərib.

Belə ki, təbiət elmləri üzrə 34, riyazi savadlılıq üzrə 16, oxu üzrə isə 18 ölkənin nəticələri yaxşılaşıb.

Emin Əmrullayev vurğulayıb ki, PISA nəticələri COVID dövründəki öyrənmə itkilərinin aradan qaldırıldığını göstərir.

Onun sözlərinə görə, buna baxmayaraq, riyaziyyat üzrə nəticələrdə görünür ki, azərbaycanlı şagirdlər riyazi məsələlərin şərhində çətinlik çəkirlər:

"PISA sistemində 500 bal orta səviyyəli nəticə hesab olunur, 400 bal toplayan şagirdin nəticəsi isə bu göstəricidən aşağı qiymətləndirilir. Burada bal sistemi tamamilə fərqlidir. Bu sistemdəki 450 bal qəbul imtahanlarında istifadə olunan ballarla müqayisə edilə bilməz. Təxminən bir tədris ili 20 ballıq fərqlə ölçülür".

Qeyd edək ki, PISA nəticələrinə əsasən, təbiət elmləri üzrə Bakı şəhəri 47-ci, Azərbaycan 69-cu yerdə qərarlaşıb.

Nazirf həmçinin qızların ilk dəfədir riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərdiyinə diqqət çəkib.

Onun sözlərinə görə, indiyədək ölkədə bu cür nəticələr olmayıb:

"Qızlar oğlanları bu məsələdə, təxminən, 13 bal geridə qoyurlar. 15 yaşlı yeniyetmə oğlanların riyaziyyatı qavraması ilə bağlı nə baş verdiyi təhlil olunmalıdır".

Qeyd edək ki, PISA-nın 2025-ci il nəticələri riyaziyyat üzrə Azərbaycan üçün ən yaxşı xəbərlərdən biri hesab oluna bilər. Bakı şagirdlərinin riyaziyyat üzrə göstəricisi son qiymətləndirmə ilə müqayisədə 63 bal yüksələrək 460 bala çatıb. PISA miqyasında bu, çox ciddi artımdır.

Emin Əmrullayev PISA nəticələrindəki artımın Azərbaycan müəllimlərinin uğuru olduğunu qeyd edib:

"PISA nəticələrimizlə bağlı yaxşı xəbərlərdə ən böyük pay müəllimlərindir. Bugünkü nəticələrə əsasən ciddi artımdan danışırıqsa, bu, Azərbaycan müəllimlərinin uğurudur".

Nazir vurğulayıb ki, PISA müəllim faktorundan əlavə digər amilləri də ölçür:

"Tədqiqat nəticələrini ölçmək və bu nəticələr əsasında araşdırmalar aparmaq isə alimlərin işidir. Biz çox istərdik ki, alimlər bu istiqamətdə tədqiqatlar aparsınlar".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları