Xarici dil öyrənmək çoxlarının arzusu olsa da, bu yol həmişə asan olmur. İngilis dili üzrə mütəxəssis, müəllimə Nigar Sultanova tələbələrin ən çox qarşılaşdığı problemləri və dil öyrənməni daha səmərəli edən üsullarını Yurd.Media ilə bölüşüb.
Tələbələrin ən çox çətinlik çəkdiyi tələffüz və aksentlə bağlı Nigar Sultanova qeyd edir ki, ingilis dilində bəzi səslərin Azərbaycan dilində olmaması düzgün danışığı çətinləşdirir. Qrammatika da başqa bir problem sahəsidir. “Azərbaycan dili türkdilli qrupuna, ingilis dili isə german dillərinə aid olduğuna görə cümlə və zaman quruluşları tamamilə fərqlidir”, – deyə mütəxəssis vurğulayır. Həmçinin, söz ehtiyatının genişliyi də tələbələri çətinliyə salır. İngilis dili sinonim və ifadələrlə zəngin olsa da, hər sinonimi istənilən yerdə işlətmək mümkün deyil. Bu isə öyrənənlər üçün əlavə diqqət tələb edir.
Nigar Sultanova bildirir ki, sadəcə video izləməklə dil öyrənmək mümkün olsa da, bu heç vaxt kifayət qədər təsirli olmur. Onun sözlərinə görə, videolar dinləmə bacarığını artırır, gündəlik ifadələrin mənimsənilməsinə, intonasiya və aksentin formalaşmasına kömək edir. Amma o xəbərdarlıq edir ki, bu üsul təkbaşına yetərli deyil:
“Dil öyrənmək istəyən mütləq aktiv məşqlərə vaxt ayırmalıdır. Qrammatikanın sistemli öyrənilməsi və yazı bacarıqlarının inkişafı olmadan yalnız videolarla tam nəticə əldə etmək çətindir. Videoları dəstək üsulu kimi qəbul etmək olar, amma əsas metod kimi yox.”
Müəllimənin fikrincə, yalnız dinləmə və izləmə ilə kifayətlənmək istəyənlər üçün ən yaxşı yol danışıq praktikasına önəm verməkdir:
“Danışıq klublarına qoşulmaq çox faydalıdır. Vaxtı olmayanlar isə "self-study", yəni öz-özünə öyrənmə üsulundan istifadə edə bilərlər. Günün sonunda etdiklərinizi ingiliscə ifadə etməyə çalışmaq belə öyrənmə prosesinə çox böyük təsir göstərir. Dil səviyyəsinə uyğun kitab oxumaq da vacibdir, amma başlanğıc üçün sadə əsərlərlə başlamaq daha məqsədəuyğundur”.
N.Soltanova tələbələrə yadda qalacaq bir tövsiyə verdi:
“Öyrəndiyiniz dili gündəlik həyatınıza qatın. Telefon və kompüterinizi ingiliscəyə çevirin, internet axtarışlarını ingiliscə edin, sosial şəbəkələrdə ingilisdilli səhifələr izləyin. Dostlarınızla kiçik söhbətlər qurun. Ancaq belə olduqda dil həyatınızın bir hissəsinə çevriləcək və siz də təbii şəkildə inkişaf edəcəksiniz”.