Azərbaycanda son 12 ildə müəllimlərin orta maaşı 4 dəfə artıb.
Yurd.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata çatıb.
“Bizim məqsədimiz müəllim peşəsinin ən yüksək maaşlı peşələrdən birinə çevrilməsidir”, – Emin Əmrullayev vurğulayıb.
Nazir qeyd edib ki, müəllimlərin əməkhaqqı dərs saatına əsasən hesablandığı müddətdə maaşların artırılması müəyyən çətinliklər yaradır.
O bildirib ki, hazırda 14 228 müəllim həftədə 31 saat dərs deyir və 1500–2000 manat əməkhaqqı alır. Bu isə bütün müəllimlərin təxminən 12 faizini təşkil edir. Bununla yanaşı, 14 372 müəllim həftədə cəmi 8 saat dərs deyir və təxminən 500 manat əməkhaqqı alır.
Müəllimlərin sertifikatlaşdırma imtahanlarının çətin olması ilə bağlı nazir qeyd edib ki, hər bir fəndən 60 ballıq şkala üzrə orta nəticənin 30 baldan yuxarı olması sertifikatlaşdırma imtahanlarının çətin olmadığını göstərir.
Onun sözlərinə görə, imtahanın kimlərəsə çətin görünməsi onların fənn bilikləri ilə bağlıdır.
“Bizim sertifikatlaşdırma imtahanımız çətin olmayıb. İmtahanla bağlı heç bir problem yoxdur", – Emin Əmrullayev vurğulayıb.