Məktəblərdə iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi qurum mövqeyini açıqlayıb.
Yurd.Media xəbər verir ki, yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir.
Valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər.
Məsələ ilə təhsil eksperti Elçin Əfəndi İTV-yə bildirib ki, bir ailədə iki və ya daha çox uşaq olanda maliyyə yükü daha da artır. Ekspertin sözlərinə görə, auditoriyadakı şagirdlərin hamısında iş dəftərlərinin olmaması mövzuların mənimsənilməsində və sinifdə balansın pozulmasına səbəb olur. O, bu problemin həlli üçün iş dəftərlərinin sponsorluq hesabına və ya qanunvericilik dəyişikliyi ilə şagirdlərə pulsuz verilməsini təklif edib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, məktəblərdə hər hansı əlavə tədris resursundan istifadə yalnız valideynlərin razılığı ilə həyata keçirilməlidir. İş dəftərlərinin alınması könüllü olmalı və heç bir halda məcburi xarakter daşımamalıdır.