Füzuli peşə məktəbində nəqliyyat, aviasiya sahəsinə aid ixtisaslar, PUA və dronların təmiri üzrə texnik ixtisası yaradılacaq.
“Yurd.media” xəbər verir ki, Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "İctimai TV"yə bildirib ki, burada sənaye, kənd təsərrüfatı istiqamətində ixtisaslar, informasiya və kommunikasiya ixtisaslarının tədrisi nəzərdə tutulub:
“Peşə təhsilinin bütün səviyyələri üzrə yəni ilk peşə 1 il 6 aylıq və ya 1 illik və texniki peşə 3 ilə qədər ola bilər. Həmçinin yüksək texniki peşə ixtisasları üzrə təhsil verməyi planlaşdırırıq. Bu da 6 aydan 4 ilə qədər təhsil alma imkanı yaradır”.
Qeyd edək ki, Qarabağda 8 peşə məktəbinin inşası nəzərdə tutulub ki, onlardan biri də Füzuli peşə məktəbidir. Füzulidəki peşə məktəbinin inşası ötən ilin fevral ayından başlanıb.
Ərazisi 5.50 hektar olan Füzuli peşə liseyində ümumilikdə 700 tələbə təhsil alacaq və tələbələrin yaxşı təhsili üçün onların ixtiyarına 2 korpuslu tədris binası, 3 emalatxana və tədris müddətində lazım olan digər binalar veriləcək. Həmçinin burada uzaq və ətraf rayonlardan gələn tələbələr üçün 100 yerlik yataqxana,idman zalı və meydança inşa olunur.
Füzuli peşə məktəbinin gələn ilin sonunda təhvil veriləcəyi nəzərdə tutulub. Ağdam, Zəngilan və Qubadlı peşə təhsil müəssisələrinin layihələndirilməsi isə bu ilin ortasına qədər bitəcək.