Buraxılış imtahanlarında maksimum bal toplayan abituriyentlərin sayı çoxalır.
Yurd.Media xəbər verir ki, buraxılış imtahanında 300 bal toplayan 2020-ci ildə 5 nəfər, 2024-cü ildə 55 nəfər, 2025-ci ildə isə 43 nəfər abituriyent olub. Son iki ildir ki, maksimum nəticə göstərən abituriyentlərin sayı 8-10 dəfədən çox artıb.
Təhsil eksperti Sevinc Pürkeştasib "Xəzər Xəbər"-ə bildirib ki, son illərdə yüksək nəticəyə səbəb sualların asanlaşmasıdır:
"Ötən ildə keçirilmiş buraxılış imtahanlarının suallarına nəzər saldıqda, sualların asanlaşdığını görə bilərik. Sualların çətinliyinə görə, hətta Təhsil nazirliyi qınaq obyektinə çevrilmişdi. Bu narazılığa görə Dövlət İmtahan Mərkəzi suallarda bir qədər yumuşalmalar etmişdi, buna görə də maksimum nəticə toplayanların sayı çoxdur".
Uşaqların yaxşı nəticə göstərməsinin digər bir səbəbi də daha asan öyrənmə metodlarından istifadə olunmasıdır.
Ekspertin sözlərinə görə, bu asan üsullardan repetitorlar istifadə edir:
"Repetitorlar artıq 5 ilə yaxındır ki, eyni proqram üzərində dəfələrlə işləyirlər. Proqramın daha asan yollarını abituriyentlərə öyrədirlər. Bu səbəbdən də onlar yüksək nəticə göstərirlər. Kurslarda keçirilən sınaq imtahanları Dövlət İmtahanı Mərkəzi tərəfindən təqdim olunmuş buraxılış imtahanlarından çətindir. Biz bunu müşahidə edirik".
Qeyd edək ki, 2021-2022-ci ilin buraxılış imtahanlarında 2 nəfər maksimum nəticə göstərib. 2023-cü ildə isə 300 bal toplayan olmayıb.