Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir.
Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır.
Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır.[2] Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.
Tarixi
Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır. Azərneft Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, dağıdılmış neft təsərrüfatını bərpa etmək, neft və neft məhsulları istehsalını artırmaq üçün yaradılmış bir təşkilatdır. ARDNŞ 1992-ci il sentyabrın 13-də Azərbaycan Respublikasının keçmiş prezidenti Əbülfəz Elçibəyin fərmanı əsasında qurulmuşdur. Fərmana əsasən iki dövlət müəssisəsi, "Azərneft" və "Azərneftkimya" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kimi birləşdirilib. ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 50 saylı Sərəncamına əsasən Dövlət Neft Şirkətinin strukturunda Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanına əsasən isə Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri birləşdirilərək "Azneft" İstehsalat Birliyi yaradılmışdır.
Şirkətin funksiyası
ARDNŞ respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirir. Hazırda Azərbaycanda neftlə zəngin 57 yataq mövcuddur ki, bunun da 18-i Xəzər dənizinin Azərbaycan sektorunda, qalanı isə qurudadır. Ümumiyyətlə, Xəzər hövzəsi 30 milyard tona yaxın neft, 18–20 trilyon kub metr həcmində qaz ehtiyatına malikdir ki, bu da dünyanın karbohidrogen resurslarının 15%-ni təşkil edir. Xəzər hövzəsinin Azərbaycana aid bölgəsində isə 3–5 milyard ton neft, 5 trilyon kub metr həcmində qaz ehtiyatı mövcuddur. Azərbaycanda neft hasilatının 2005-ci ildən başlayaraq sürətlə artacağı gözlənilir. Proqnozlara görə, Azəri-Çıraq-Günəşli layihəsi üzrə neft hasilatının ən yüksək səviyyəsi 2010-cu ildə olub. Belə ki, həmin il neft hasilatı 54,9 milyon tona çatdırılib. Şahdəniz layihəsi üzrə isə 2010-cu ildə 2,1 milyon ton kondensat hasil olunacaq. Hazırda ARDNŞ-də 58.945 nəfər, o cümlədən 50 nəfəri elmlər doktoru, 392 nəfəri elmlər namizədi elmi dərəcəsinə malik olan 17.500 mühəndis, texnik və mütəxəssis çalışır. ARDNŞ respublikanın neft və neft məhsullarına olan tələbatını ödəmək, daxili tələbdən artıq hissəni isə ixrac etmək imkanına malikdir. Bunu təmin etmək üçün ARDNŞ müvafiq istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmi və texniki potensiala malikdir. ARDNŞ həm quru, həm də dəniz neft yataqlarının kəşfiyyatı, işlənməsi və abadlaşdırılması ilə bağlı bütün məsələləri həll etmək qabiliyyətinə malik yüksəkixtisaslı mühəndis, texnik və fəhlə kadrlara malikdir.
2012-ci il yanvarın 27-də dünyanın aparıcı maliyyə nəşrlərində və internet saytlarında ARDNŞ-nin Avrobond buraxmaq niyyətində olduğu barədə açıqlama verilmişdir. Avrobondların yerləşdirilməsi və tədavülü Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının hüdudlarından kənarda həyata keçirilməklə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Listinq Orqanının (UK Listing Authority) və London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil ediləcək. Buraxılışın hüquqi rejimi ABŞ-nin 1933-cü il tarixli "Qiymətli kağızlar" haqqında qanununun "Regulation S" hissəsinə uyğundur. Bu işlərin həyata keçirilməsində Birgə Baş İdarəçilər (Joint Lead Managers) qismində Citi Group Global Markets Limited, Deutsche Bank AG (London filialı) və The Royal Bank of Scotland Plc., Birgə İdarəçilər (Co-Managers) qismində Nomura International Plc. və Société Générale S. A., İnvestorların təmsilçisi (Trustee) qismində Deutsche Trustee Company Limited, Əsas Ödəniş və Köçürmə Agenti (Principal Paying and Transfer Agent) qismində isə Deutsche Bank AG (London filialı) çıxış edirlər. Avrobondların buraxılması ilə bağlı müvafiq qaydalara əsasən, dünyanın aparıcı reytinq şirkətləri buraxılacaq qiymətli kağıza reytinq dərəcəsi şamil etməlidir. Artıq Fitch Ratings və Moody’s şirkətləri tərəfindən ARDNŞ Avrobondlarına müvafiq olaraq BBB-(exp) və Ba1 reytinq dərəcələri şamil olunmuşdur.
Fəaliyyət
ARDNŞ-nin fəaliyyəti əsas olaraq 6 sahəyə bölünmüşdür. Bunlar:
Neft-qaz yataqlarının kəşfiyyatı
Neft-qaz hasilatı
Neftin və təbii qazın emalı
Neft kimyası
Enerjidaşıyıcıların nəqli
Xidmətlər
ARDNŞ-yə tabe olan Azərneftyağ Neft Emalı Zavodu yanacaq və yağların istehsalı üzrə ixtisaslaşmışdır. Burada neftin emalı nəticəsində benzin, kerosin, dizel distillatları, mühərrik, sənaye, turbin, transformator, digər müxtəlif yağlar və bitum istehsal olunur. Son 2 ildə burada istehsal olunmuş bütün yanacaq distillatları təkrar emal üçün Heydər Əliyev adına BNEZ-ə nəql olunur. 2010-cu ildə zavodda 215,2 min ton ilkin emal benzini, 174,9 min ton kerosin, 599,8 min ton dizel distillatları, 1,3 min ton mühərrik yağı, 27,6 min ton sənaye yağı, 7,9 min ton turbin yağları, 14,1 min ton transformator yağı, 36,2 min ton digər yağlar və 241,4 min ton bitum istehsal olunmuşdur. Heydər Əliyev adına BNEZ-də xam neftin emalı yanacaqların üstün istehsal sxemi ilə aparilir. Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir. Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir. Qaz Emalı Zavodunda "Azneft" İB-də hasil olunmuş təbii və səmt qazları emal edilir. Zavodun istehsal olunmuş məhsullarına təmizlənmiş qaz, maye qaz və qaz benzini aiddir. 2010-cu ildə müəssisədə 4,030 milyard m³ təmizlənmiş qaz, 24,8 min ton maye və 26,7 min ton qaz benzini istehsal olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən "Azərikimya" Dövlət Şirkəti ARDNŞ-nin tabeliyinə verilmişdir. "Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" zavodu, "Səthi Aktiv Maddələr" zavodu, "Üzvi Sintez" zavodu, "Mexaniki Təmir" zavodu, "Kimyalayihə" institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir. "Azərikimya" İB-in istehsal olunmuş məhsullara — propilen, polietilen, butilen-butadien fraksiyası, propilen oksidi, propilen qlikol, izopropil spirti, pirokondensat, maye xlor və qələvi aiddir.
Şirkətin inzibati binası
SOCAR Tower
Dövlət Neft Şirkətinin aparatının yerləşdiyi bina Bakı şəhərindəki qədim tikililər arasında öz əzəməti və gözəlliyi ilə diqqəti xüsusi olaraq cəlb edir. Ş. S. Fətullayevin "XIX əsrin sonu — XX əsrin əvvəllərində Azərbaycanda memarlıq və şəhərsalma" adlı kitabında bu binanın inşası ilə bağlı deyilir: "Bağça küçəsi Azneft meydanından başlayaraq şəhərin mərkəzi hissəsini tamamlayırdı. Tikililər bu meydandan Bayıla tərəf uzanırdı. Meydan getdikcə öz memarlıq simasını dəyişməyə başlayırdı. Bu dəyişikliklər meydanın əsas hissələrindən biri olan Kakarev sahəsi adlandırılan ərazidə 1890-cı illərin əvvəllərində Tiflis memarı P. Şternin layihəsi əsasında üçmərtəbəli bina inşa edilməsindən sonra daha da sürətləndi.
Binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunur, ayın sonlarında isə binanın tikintisinə başlanır. Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılırdı".
İngilis dilində çıxan "Azərbaycan memarlığının inkişafı" jurnalında isə bu möhtəşəm tikili barədə digər faktlar verilib. Məqalədə binanın tanınmış milyonçu Mir Tağı Babayevə məxsus olduğu bildirilir: "Tikilinin sahibi Mir Tağı Babayevin ilkin peşəsi heç də neft sahəsi ilə bağlı deyildi. O, xalq musiqisinin, xüsusilə muğamın vurğunu olan çox istedadlı və tanınmış xanəndə idi. Onun taleyi bir gecənin içində dəyişir. Belə ki, həmin gün Mir Tağı tanınmış ailələrdən birinin toy məclicində oxumalı imiş. Onun sənətinin pərəstişkarı olan bəyin qohumlarından biri xanəndəyə torpaq sahəsi hədiyyə edir. Bundan sonra Mir Tağı Babayevin neft sahəsində karyerası başlanır. 1912-ci ildə o, neftlə zəngin 3 böyük sahə alır və neft hasilatına başlayır. Onun 70 nəfər işçidən ibarət kontoru 18 buruqdan ildə 150000 barrel neft hasil edirdi.
Mir Tağı Babayev bu möhtəşəm binanı da neft gəlirləri hesabına alır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər onun bütün mülklərini müsadirə edir. Mir Tağı Babayevin özü isə Fransaya mühacirət etməli olur. Bəzi məlumatlara görə, o, Fransada ömrünün sonuna qədər müflis vəziyyətdə yaşayır. Digər məlumatlara əsasən isə, hobbisi hələ lap əvvəllərdən zinət əşyalarını kolleksiya etmək olan Mir Tağı özü ilə Fransaya gətirdiyi daş-qaşların satışından əldə etdiyi vəsait hesabına yaşayıb. Sovet hakimiyyəti illərində bu bina "Azneft"in sərəncamına verilmiş, Azərbaycan müstəqillik əldə etdikdən (1991-ci il) sonra isə burada Dövlət Neft Şirkətinin aparatı yerləşdirilmişdir. Son illərdə binada təmir-bərpa işləri aparılmışdır".
2010-cu ilin oktyabr ayında Prezident İlham Əliyev şirkətin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak etdi.
Bina 42 mərtəbədən ibarət olacaq (2 — yeraltı, 40 — yerüstü). Binanın hündürlüyü 200 metr olacaq və 5 hektar ərazini əhatə edəcək. Bina rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq. Binanın layihəsi Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanan virtual şəraitdə sınaqdan keçirilib. Binanı Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd" şirkəti layihələşdirib. İnşaat işləri ilə isə Heerim Architects & Planners Co. Ltd şirkəti məşğul olacaq. Binanın ümumi dəyəri 235 milyon dollar təşkil edir. İnşaat işlərinin 32 aya başa çatması gözlənilir. Yeni inzibati binada bir neçə konfrans zalı, qonaq otaqları, sosial-məişət obyektləri, yerüstü və yeraltı dayanacaqlar, texniki sahələr və idman zalı fəaliyyət göstərəcək. ARDNŞ artıq Heydər Əliyev prospektində yeni binanın inşası üçün yer alıb.