Bu ilin yanvar–fevral aylarında Bakı şəhərində yeni tikili mənzillərin qiymətinin artım tempi tədricən sabitləşib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Yurd.Media-ya bildirib ki, yanvar ayında qeydə alınan nisbətən yüksək dinamikanın ardından fevralda bazar daha balanslı mərhələyə keçib: Fevral ayında yeni tikililərdə qiymət artımı orta hesabla 0,7–0,8% təşkil edib.
Ən aktiv rayonlar sırasında Səbail, Yasamal və Nəsimi ön mövqelərini qoruyub. Bu ərazilərdə mərkəzi yerləşmə, inkişaf etmiş infrastruktur və investisiya cəlbediciliyi qiymət artımını sürətləndirən əsas amillərdir. Xüsusilə Səbail rayonunda torpaq ehtiyatlarının məhdudluğu premium seqmentdə qiymətlərin daha dinamik artmasına səbəb olur.
Suraxanı, Sabunçu, Qaradağ, Pirallahı və qismən Xəzər rayonlarında isə qiymət artımı daha mülayim olub. Bu zonalarda bazar əsasən yaşayış məqsədli alıcıların hesabına formalaşır və investisiya aktivliyi nisbətən zəifdir.
Vüqar Oruc qeyd edib ki, mart ayında bazarda canlanmanın artacağı gözlənilir:
"Yaz mövsümünün başlaması ilə alıcı fəallığının yüksəlməsi yeni tikililərdə qiymətlərin 0,8–1% artmasına səbəb ola bilər. Bu dövrdə də əsas aktivlik Səbail, Yasamal və Nəsimi rayonlarında cəmləşəcək".
Proqnozlara görə, 2026-cı ilin ilk rübündə Bakı üzrə yeni tikililərdə qiymətlər ümumilikdə 2,5–3% artacaq. Bazarın əsas hərəkətverici qüvvəsi yeni tikililər və ilkin satış mərhələsində olan layihələrdir.
