SÜJET
Posthuman nəzəriyyəsi, insanın bioloji və texnoloji inkişaflar nəticəsində dəyişən və hətta insanlıqdan kənara çıxan bir varlığa çevrilməsi ideyasını araşdıran fəlsəfi yanaşmadır. Bu nəzəriyyə, insanın yalnız bioloji varlıq kimi deyil, həm də texnologiya və süni intellektlə birləşmiş yeni bir forma kimi mövcud ola biləcəyini irəli sürür
Məsələn, süni intellektin yaranması insanın hesablama və düşünmə proseslərini avtomatlaşdırmaq məqsədi daşıyır. Süni intellektin etik və fəlsəfi aspektləri Şopenhauerin insanın yetərsizliyi ilə bağlı fikirləri ilə əlaqələndirilə bilər. Süni intellektin inkişafı insanın bioloji və intellektual məhdudiyyətlərini aşmaq məqsədini güdür. Bu, Şopenhauerin insanın daimi narazılığı və arzularının sonsuzluğu ilə bağlı fikirləri ilə üst-üstə düşür.
İnsanlar böyük həcmli məlumatları emal etmək və analiz etmək üçün daha güclü alətlərə ehtiyac duyurlar. Süni intellekt isə bu prosesi sürətləndirərək daha dəqiq nəticələr əldə etməyə imkan verir. Aristotel və Dekart kimi filosoflar insan düşüncəsini modelləşdirməyə çalışsalar da müasir süni intellekt yalnız 1956-cı ildə Dartmut konfransında rəsmi olaraq tədqiqat sahəsi kimi irəli sürülüb.
Bu günkü dünyada süni intellekt, kiborqlar və genetik dəyişikliklər insanın yalnız bioloji varlıq olmadığını göstərir. Posthumanizm də deyir ki, insan gələcəkdə daha güclü, ağıllı və hətta tamamilə fərqli bir forma ala bilər.
Sadə dillə desək, posthumanizm insanın texnologiya və təkamül nəticəsində dəyişərək yeni bir forma alması ideyasıdır. Bu yanaşma insanın bioloji və zehni sərhədlərini aşaraq fərqli bir varlığa çevrilə biləcəyini irəli sürür.
Posthumanizm termini ilk dəfə məşhur yazıçı Oldos Hakslinin qardaşı Yulian Haksli tərəfindən istifadə edilmişdir. O, 1957-ci ildə yazdığı "New Bottles for New Wine" (Yeni şərab üçün yeni qablar) adlı əsərində posthumanizmi insanın bioloji və texnoloji inkişaflar nəticəsində dəyişən bir varlıq kimi formalaşması ideyası ilə əlaqələndirmişdir. Oldos Haksli də öz əsərlərində posthumanizmə birbaşa diqqət çəkməsə də bəzilərində bu mövzuya toxunduğu görülür. Xüsusilə, "Cəsur Yeni Dünya" romanı, texnologiyanın insan həyatına təsiri və insanın dəyişən mahiyyəti ilə bağlı posthumanist ideyalara işarə edir. Bu əsərdə genetik manipulyasiya, sosial mühəndislik və insanın süni şəkildə formalaşdırılması kimi mövzular araşdırılır. Nəzəriyyənin əsasını təkamülün tutduğunu bildirir. Təkamül dedikdə isə Çarlz Darvinin təkamül nəzəriyyəsini və onun təkamül nəzəriyyəsi posthumanizmin əsas ideyalarından biri ilə sıx bağlı olduğunu xüsusi qeyd etmək lazımdır. Darvinin təkamül nəzəriyyəsi canlıların zamanla dəyişdiyini və uyğunlaşdığını izah edir. Posthumanizm isə bu təkamülün yalnız bioloji deyil, həm də texnoloji inkişaflarla birləşərək insanın yeni bir varlıq formasına keçə biləcəyini iddia edir.
Posthumanizm müxtəlif yanaşmalara malikdir və transhumanizm, yeni materializm, mədəni posthumanizm kimi fərqli istiqamətlərdə inkişaf edib. Bu üç fəlsəfi yanaşma insanın, texnologiyanın və mədəniyyətin gələcəyi ilə bağlı müxtəlif perspektivlər təqdim edir:
Transhumanizm insanın bioloji və intellektual məhdudiyyətlərini aşmaq üçün texnologiyadan istifadə etməyi müdafiə edən fəlsəfi və intellektual hərəkatdır. Bu yanaşma genetik mühəndislik, süni intellekt və nanotexnologiya kimi sahələrin insanın fiziki və zehni qabiliyyətlərini artırmaq üçün istifadə edilməsini dəstəkləyir. Transhumanistlər inanırlar ki, insanlar özlərini indiki vəziyyətdən daha inkişaf etmiş varlıqlara çevirə bilərlər.
Yeni materializm ənənəvi materialist fəlsəfədən fərqli olaraq, maddənin dinamik və aktiv bir güc olduğunu vurğulayan yanaşmadır. Bu nəzəriyyə, maddənin yalnız passiv bir obyekt olmadığını, əksinə, öz təsir gücünə malik olduğunu iddia edir. Yeni materialistlər insanı və digər varlıqları yalnız bioloji və fiziki aspektlərdən deyil, onların qarşılıqlı təsiri və ekoloji sistemlərdəki rolu baxımından da araşdırırlar.
Mədəni posthumanizm insanın mədəni və sosial kontekstdə necə dəyişdiyini araşdıran yanaşmadır. Bu nəzəriyyə, insanın texnologiya və mədəniyyət vasitəsilə necə transformasiya olunduğunu və ənənəvi insan anlayışının necə dəyişdiyini incələyir. Posthumanistlər insanın yalnız bioloji varlıq olmadığını, onun mədəni və texnoloji inkişaflarla yeni formalar aldığını vurğulayırlar.
İnsan təkamülə texnologiya ilə müdaxilə etdi. Genetik mühəndislik və süni intellekt insanın bioloji sərhədlərini aşmasına kömək etdi. Artıq növbəti mərhələ başlayır: insan və maşının birləşməsi. O, öz zəifliklərini aradan qaldırdı, lakin eyni zamanda yeni problemlərlə üzləşdi. Fiziki və zehni inkişaf baş versə də, məmnunluq tapılmadı.
Təkamül davam edir – lakin istiqamətini artıq təkcə təbiət deyil, insanın özü təyin edir.