SÜJET
1 əsrdən çox yaşı olan bina yararsız vəziyyətdədir. Sabunçu rayonu, Zabrat qəsəbəsi Nəsibə Zeynalova ünvanında yerləşən 64 saylı binada 21 ailə yaşayır.
Yurd.Media xəbər verir ki, yağışlı havalarda evləri su basır, pilləkənlər uçub-tökülür, eyni zamanda döşəmələrdəki taxtalar aralanır. Binanın mərkəzi kanalizasiya xətti olmadığından zirzəmiyə su yığılır.
"Xəzər TV"yə şikayət edən sakinlər bildiriblər ki, binanın yaşayış üçün uyğun olmadığı haqda ekspertiza üçün nümunələr də götürülüb. 73 saylı Mənzil-Kommunal İstismar Sahəsinini rəisi Əliabbas Cəbrayılov bildirib ki, 2 mərtəbəli yaşayış binası 1923-cü ildə inşa olunub. Bina 2012-ci ilədək Dövlət Neft Şirkətinin balansında olmuş və təmir işləri aparılmadan istismar olunduğundan yararsız vəziyyətə düşüb:
"Binanın texniki vəziyyətinin təyin edilməsi barədə aidiyyatı qurumlara tərəfimizdən müraciət olunmuşdur. Qəbul olunacaq hər bir qərara uyğun olaraq tərəfimizdən lazımi tədbirlər görüləcək",-deyə MKİS rəhbəri bildirib.
Qeyd edək ki, bina hal hazırda 3 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat birliyinin balansındadır.