SÜJET
Xaçmaz rayonunun Ağtala kəndində içməli su problemi kənd sakinlərini illərdir narahat edir. Kəndin yeganə işlək artezian quyusunun suyu həm zəif gəlir, həm də əhalinin tələbatını ödəməkdə aciz qalır.
Yurd.Media "Real TV"-yə istinadən xəbər verir ki, günün istənilən saatında quyunun ətrafı bidonlarla su növbəsinə duran kənd sakinləri ilə dolub-daşır. Onların sözlərinə görə, həyətlərində olan su auyularin suyun keyfiyyəti də qənaətbəxş deyil – nə içməyə, nə də təsərrüfat işlərinə yararlıdır.
Kənddə əvvəllər dörd artezian quyusu fəaliyyət göstərib, lakin zamanla su səviyyəsi aşağı düşərək bu quyular sıradan çıxıb. Hazırda yalnız meşəlik ərazidə yerləşən bir artezian quyusu fəaliyyət göstərir. Sakinlər bildirir ki, 2015-ci ildən etibarən bu quyudan gələn suyun da gücü azalıb.
Məsələ ilə bağlı Xaçmaz Rayon Suvarma Sistemləri İdarəsi bildirir ki, bu günə qədər quruma kənd sakinləri tərəfindən rəsmi müraciət daxil olmayıb. İcra Hakimiyyətindən isə verilən məlumata görə, problem artıq nəzarətə götürülüb və yaxın günlərdə kənddə yeni bu artezian quyusunun vurulması planlaşdırılır. Kənd sakinləri ilə görüşlər keçiriləcək və problemin həlli istiqamətində ətraflı məlumat veriləcək.