SÜJET
Türkan qəsəbəsinin yeni yaşayış massivində məskunlaşan sakinlər illərdir içməli su problemi ilə üz-üzədirlər. Ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmadığı üçün vətəndaşlar ya pulla maşınlardan su alır, ya da əllərində bidonlarla uzaq məsafələrdən su daşımağa məcbur qalırlar.
Yurd.Media ATV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, illərdir bu problemin həll olunması üçün aidiyyəti qurumlara müraciətlər edilsə də, nəticə yoxdur. 44 ildir həmin ərazidə yaşayan bir sakin bildirir ki, əvvəllər kənddəki mövcud sularla ehtiyaclarını ödəyə bilirdilər, lakin hazırda bu imkan da qalmayıb.
“Yay aylarında 500 metr məsafədən su daşıyırıq. Məhəllənin yaxınlığından su xətti keçsə də, bu xətdən istifadə edə bilmirlər. Su xətti evlərimizdən cəmi 200 metr aralıdan keçir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma heç bir nəticə yoxdur”, – deyə sakinlərdən biri bildirib.
Vətəndaşların sözlərinə görə, müəyyən şəxslər tərəfindən onlardan su xəttinin çəkilməsi adı ilə pul da yığılır, lakin nəticədə nə xətt çəkilir, nə də su verilir. "Susuz yaşamaq mümkün deyil. Gündəlik ehtiyaclarımızı qarşılamaq üçün tonlarla su alıb gətirmək məcburiyyətindəyik”, – deyə başqa bir sakin bildirib.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin tabeliyində olan "Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"ndən bildirilib ki, qeyd olunan ünvanda quruma məxsus mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilər üzrə layihə-smeta sənədləri hazırlanıb və həmin layihələrin icrası mərhələli şəkildə həyata keçirilir.
Qeyd edək ki, “Azərsu” ASC-nin baş idarəsi paytaxtın 20 Yanvar metrostansiyası yaxınlığında yerləşir. Sakinlər dəfələrlə quruma müraciət etsələr də, verilən cavablar vətəndaşların real vəziyyəti ilə üst-üstə düşmür. “Layihə hazırdır” deyilsə də, sakinlər bundan xəbərsizdirlər və problemlərinin nə zaman həll olunacağı bəlli deyil.
Sakinlər aidiyyəti qurumlardan problemin həssas yanaşılaraq, mərkəzləşdirilmiş su şəbəkəsinin çəkilməsini və illərdir davam edən bu problemin köklü şəkildə aradan qaldırılmasını tələb edirlər.