Toylarımızı zəhərə döndərənlər: Günahkar qidalardır, ya onu hazırlayanlar?

Toylarımızı zəhərə döndərənlər: Günahkar qidalardır, ya onu hazırlayanlar?

Yay mövsümünün gəlişi ilə əlaqədar kütləvi zəhərlənmə hallarının xüsusilə ictimai iaşə obyektlərində keçirilən toy və digər məclislərdə artdığı müşahidə olunur. Elə bir neçə gün əvvəl, eyni toyda zəhərlənən 25 nəfər xəstəxanalıq olmuşdu.

Yurd.Media xəbər verir ki, qida texnoloqları yayda baş verən zəhərlənmələrin əsas səbəbinin salat və turşulardan yarandığını bildirirlər.

Qida mütəxəssisi Məshəti Hüseynova "APA TV"-yə bu zəhərlənmələrin yüksək risk qrupuna aid olan zülal mənşəli qidalardan qaynaqlandığını açıqlayıb. O, bu məhsulların arasında ət və ət məhsulları, heyvan mənşəli qidalar, süd və süd məhsulları, həmçinin yumurta və bişmiş qidaların, xüsusilə də salatların öncədən hazırlanmasının mühüm rol oynadığını vurğulayıb.

Texnoloq, keyfiyyətli və mənşəyi bəlli olan, bütün sanitar-gigiyena norma və qaydalarına əməl edilərək hazırlanan qidaların istehlak edilməsini tövsiyə edir. O, ictimai iaşə obyektlərində yeni bişirilən və dərhal istehlak ediləcək qidalardan istifadə edilməsini daha təhlükəsiz hesab edir. Həmçinin, çiy və bişmiş məhsullardan hazırlanan salatlardan, xüsusilə yüksək risk qrupuna aid qarışıq qidalardan uzaq durulması tövsiyə olunur.

Ekspertlər, şadlıq saraylarında salatların saatlar əvvəl hazırlanaraq masalara düzülməsinin, bu məhsulların otaq temperaturunda qalmasına və nəticədə bakteriyaların çoxalmasına səbəb olduğunu qeyd edirlər.

Aşpaz Bəhruz Qəlbinur isə, qidaların standartlara uyğun hazırlanmasına baxmayaraq, insanların bu qidaları qarışdırmaları nəticəsində də zəhərlənmə halları baş verə biləcəyini deyib.

Mütəxəssislər, yayda xüsusilə diqqətli olmağın vacibliyini vurğulayır. Salatlar, turşular və tez xarab olan qidalarla ehtiyatlı davranmaq, gigiyena qaydalarına riayət etmək, zəhərlənmələrin qarşısını almağın əsas yollarıdır.