Suriyadan qayıdan qadın və uşaqlarla görüş keçirildi.
Ombudsman Aparatından Yurd.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 2026-cı ilin 7, 9 və 11 iyun tarixlərində Suriya Ərəb Respublikasından qadınlar və uşaqlar olmaqla 23 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.
Görüş zamanı repatriantların sosial reabilitasiyası üzrə görülən işlər, habelə mövcud ehtiyacları öyrənilib, onların cəmiyyətə reinteqrasiyası və hüquqlarının müdafiəsi istiqamətində tövsiyələr verilib.
Bununla yanaşı, repatriantlar Ombudsmanın mandatı və fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.