SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Suraxanıda bitməyən su problemi: Üzümü yumağa da su tapmıram

Suraxanıda bitməyən su problemi: "Üzümü yumağa da su tapmıram"

Bakı

Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsinin Samir Əliyev küçəsində sakinlər susuzluqdan əziyyət çəkir.

Yurd.Media xəbər verir ki, sözügedən ərazinin sakinləri artıq iki aydan çoxdur fasiləsiz su ala bilmədiklərini bildiriblər.

Onların sözlərinə görə, vəziyyət elə kritik həddə çatıb ki, bəzi ailələr günlərini su axtarmaqla keçirirlər.

Sakinlərdən biri "İctimai TV"yə deyir ki, iyul ayından bəri ya ümumiyyətlə su gəlmir, ya da çox zəif təzyiqlə axır:

“Üç gündə bir, cəmi bir saatlıq su verilir. Bu müddət ərzində su yığmaq mümkün olmur. Ailədə 8 nəfərik, gündəlik ehtiyaclarımızı qarşılaya bilmirik. Maşınla su gətiririk, amma tonu 12 manatdır, bu da hər ailənin imkanına uyğun deyil”.

Sakinlər bildirirlər ki, təkcə insanlar deyil, heyvanlar və bitkilər də susuzluqdan əziyyət çəkir. Həyətlərdəki ağaclar quruyub, ailələr uşaqlarını çimdirməkdə, yemək hazırlamaqda çətinlik çəkir. Xüsusilə əlilliyi olan, yeriyə bilməyən şəxslərin yaşadığı evlərdə vəziyyət daha da ağırdır.

Ən çox narazılıq doğuran məqamlardan biri də sakinlərin ödənişlərini vaxtında etmələrinə baxmayaraq, suyun verilməməsidir.

“Burada heç kim borclu deyil. Hamı vaxtında ödəniş edir. Bəs su niyə verilmir?” – deyə sakinlər sual edirlər.

Məsələ ilə bağlı edilən çoxsaylı şikayətlərdən sonra Suraxanı Rayon Su-Kanal İdarəsinə müraciət olunub. Qurumun baş mühəndisi Fərman İsmayılov bildirib ki, Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində yayın gəlişi ilə bağlı su təchizatında problemlər yaranıb:

“Ərazidə magistral xətlərdə nasazlıq müşahidə olunmuşdu. Son iki gündə bəzi ərazilərə az da olsa su verilir. Həftənin sonuna kimi su təchizatı tam bərpa ediləcək. Problem baş verən ilk günlərdə vətəndaşlara 30-40 maşınla su çatdırılıb”, – deyə idarədən bildirilib.

Prime Leasing