SÜJET
Sosial şəbəkələrdə bir çox valideynlər övladlarını ictimaiyyətə təqdim edir, onların gündəlik həyatından fraqmentləri milyonlarla izləyici ilə bölüşürlər. Bu paylaşımlar sadəcə ailəvi xatirələrin paylaşılması ilə məhdudlaşmır - istər gəlir məqsədi ilə, istərsə də izləyici və bəyənmə qazanmaq niyyəti ilə uşaqlar sosial mediada nümayiş etdirilir.
Yurd.Media xəbər verir ki, bu hal bir çox problemlərə yol aça bilər.
Mütəxəssislərin fikrincə, valideynlər belə hallarda ehtiyatlı və diqqətli olmalıdırlar. Belə paylaşımlar uşaqlarda ciddi psixoloji travmalara səbəb ola bilər. Zaman keçdikcə uşaqlar həmin videolara baxıb utana bilərlər.
Psixoloq Narınc Rüstəmova "İctimai TV"-ə verdiyi açıqlamada bildirib ki, belə hallarda uşağın xarakterində "şərtlənmiş sevgi" anlayışı formalaşır. Uşaq düşünür ki, yalnız insanların diqqətini çəkərək sevgi qazana bilər. Bu isə onun şəxsiyyətində real “mən”lə qeyri-real, yəni ideal “mən” arasında daxili konflikt yaradır. Uşaq kameranın qarşısında özünü fərqli göstərməyə çalışır, xoşlamadığı bir şeyi xoşlayırmış kimi davranır, sosial təsdiq almaq üçün özünü təhrif edir. Beləliklə, uşaqlar ətrafdakıların gözləntilərinə uyğun düşünür və davranırlar.
Psixoloq N. Rüstəmova vurğulayıb ki, valideynlər çox diqqətli olmalıdır.
Bəzən valideynlər uşaqların rəqs etməsini, oyun oynamasını və ya gülməli danışmasını paylaşaraq əylənmək və ya izləyici toplamaq istəyirlər. Bu, təkcə maddi qazanc üçün yox, sadəcə zövq almaq məqsədilə də ola bilər. Lakin valideynlər bilməlidirlər ki, bu zaman uşaqların psixoloji durumuna zərər verə bilərlər. Belə hallarda valideynin özü də psixoloji müayinədən keçməlidir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, mövcud qanunvericilikdə bu kimi hallar üçün konkret cəza nəzərdə tutulmasa da, uşaqların hüquqlarının pozulması yolverilməzdir.
Komitənin hüquq şöbəsinin əməkdaşı Leyla Abdinova qeyd edir ki, uşaqlarla bağlı hər hansı fəaliyyət onların ali mənafelərini nəzərə almalıdır. Valideynlər uşaqları reklam xarakterli məzmunlarda ancaq onların psixoloji və sosial inkişafına töhfə verəcəksə nümayiş etdirə bilərlər. Əks halda bu, etik və hüquqi baxımdan doğru deyil. UNICEF-də valideynlərin rəqəmsal mühitdə uşaqları qorumaqla bağlı məlumatlandırılmasını tövsiyə edir.
Dövlət Komitəsinin məlumatına görə, uşağın fərdi məlumatlarının və ya ailənin nüfuzunu zədələyən informasiyanın yayılması zərərlidir. Telekommunikasiya fəaliyyəti göstərən şəxslər uşaqların olduğu məkanlarda zərərli informasiyalardan qorunmalarını təmin etməlidirlər. Əks halda, bu məsuliyyətə səbəb olur və İnzibati Xətalar Məcəlləsinə əsasən cəzalandırılır.