Abşeron rayonu Saray qəsəbəsində evlərə qrunt suları dolur.
Yurd.Media xəbər verir ki, Abşeron rayonu Saray qəsəbəsinin Sultanbəy küçəsində qrunt sularının həyətlərə dolması sakinlər üçün ciddi problem yaradıb.
Sakinlər bildiriblər ki, qrunt sularının səviyyəsinin artmasının əsas səbəbi yaxınlıqda yerləşən gölün torpaqla doldurulmasıdır.
Qeyd edək ki, sözügedən ərazidə hazırda çoxmərtəbəli yaşayış binasının inşası aparılır.
Sakinlərin sözlərinə görə, bir müddət əvvələ qədər qrunt suları həyətlərə az dolurdu. Lakin göl torpaqla doldurulduqdan sonra vəziyyət dəyişməyə başlayıb. Bir qədər yağış yağan kimi evlərin zirzəmiləri su ilə dolur. Nəticədə bəzi evlərin zirzəmiləri və həyətləri tamamilə subasmaya məruz qalıb və sakinlər məcbur qalaraq evlərini tərk ediblər.
Sakinlərin iddiasına əsasən, ərazidə tikinti aparacaq şirkətin mövqeyini öyrənmək üçün müraciət edilsə də, suallara cavab verən olmayıb.
Abşeron Rayon İcra Hakimiyyətindən “ATV Xəbər”ə bildirilib ki, Saray qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya xətləri mövcud deyil. Qəsəbədə 10 mindən çox ev var və bu təsərrüfatların yalnız az bir hissəsində 60–70 il əvvəl çəkilmiş kanalizasiya xətlərindən istifadə olunur. Qəsəbənin yeni yaşayış massivlərində kanalizasiya xətlərinin olmaması səbəbindən sakinlər uzun müddətdir çirkab quyularından istifadə edirlər. Bu isə qəsəbənin relyefinə görə çökək ərazilərində qrunt sularının qalxmasına, yağmurlu günlərdə isə subasmaya səbəb olur.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə mərhələli şəkildə tikinti-quruculuq işləri aparılır. Saray qəsəbəsində də tullantı su təchizatının qurulması mərhələli şəkildə həyata keçiriləcək.