Salyan şəhərinin "Stansiya" adlanan yaşayış massivində illərdir yolsuzluq hökm sürür.
Şəhərin 20 Yanvar küçəsində təxminən üç il əvvəl su-kanalizasiya xətti çəkilsə də, həmin vaxtdan sonra küçənin asfalt örtüyü bərpa olunmayıb.
Sakinlər "Baku TV"yə bildirirlər ki, problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Lakin indiyədək müraciətlərinə konkret cavab verilməyib.
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik", - deyə sakinlərdən biri narazılığını bildirib.
Başqa bir sakin isə qeyd edib:
"Bir maşın gələndə digəri bir saat gözləyir ki, ona yol versin. Palçığın içində itib-batmışıq. Baxan da yoxdur, deyirlər ki, dərdini kimə istəyirsən de".
Məsələ ilə bağlı Salyan Şəhər Bələdiyyəsindən bildirilib ki, yaxın günlərdə sözügedən küçədə təmir işlərinə başlanacaq.