Sabunçuda qəzalı binanın hasarı aşıb – 23 ailə təhlükə altındadır
Yurd.Media xəbər verir ki, ATV-nin məlumatına görə Bakının Sabunçu qəsəbəsində yerləşən qəzalı binada təhlükəli hal yaşanıb. İlyas Əfəndiyev küçəsi 6 ünvanında yerləşən binanın hasarı aşıb. Hadisə zamanı ərazidə yaşayan sakinlərdən biri son anda dağıntı altında qalmaqdan xilas ola bilib.
Belə ki, bir neçə gün əvvəl yağan intensiv yağışlardan sonra bina ilə yanaşı, qarşısındakı hasarın da vəziyyəti pisləşib. Sakinlərin dediyinə görə, məhz yağışlardan sonra hasarın bünövrəsi yumşalıb və nəticədə qəfildən yola aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Məsələ ilə bağlı tədbir görülməsə, növbəti dəfə bədbəxt hadisə qaçılmaz ola bilər.
Ərazidə yaşayan 23 ailənin təhlükəli şəraitdə yaşadığı və onların tezliklə köçürülməsinin vacib olduğu bildirilir. Sakinlər qeyd ediblər ki, hadisədən sonra narahatlıq artıb, təhlükənin hər an baş verə biləcəyindən ehtiyatlanırlar.
Məsələ ilə bağlı ərazi üzrə 69 saylı Mənzil İstismar Sahəsinin rəisi Salman Məmmədov açıqlama verib. O bildirib ki, bina 1927-ci ildə inşa olunub və hazırda qəzalı vəziyyətdədir. Onun sözlərinə görə, bu barədə aidiyyəti qurumlara məlumat verilib və uçan hasarın yaxın günlərdə müvəqqəti olaraq bərpası nəzərdə tutulur.