Hazırda əksər ölkələrdə restoranlarda müştərilərdən servis haqqının tutulması prinsipindən imtina olunub. Cari ilin yanvar ayının sonlarından etibarən, Türkiyədə də bu məsələ qanunvericilik əsasında ləğv edilib. Azərbaycanda zaman-zaman sosial şəbəkələrdə restoranların müəyyən etdiyi və yekun hesabda qeyd olunan xidmət haqqın ləğv olunmasının vacibliyi müzakirə olunur.
Hüquqşünas Bulud Yusifov Yurd.Media-ya bildirib ki, Azərbaycanda bununla bağlı qanun yoxdur və qəbul olunması nəzərdə tutulmayıb:
"Bu məsələyə sahibkarlar fərdi yanaşır. Təsadüf yerlərdə servis haqqı alırlar. Çox yerlərdə ümumiyyətlə almırlar. Amma bizim milli mentalitetdə bəxşiş (çayevoy) hər yerdə var. Hətta servis haqqı olan restoranda belə".
Hüquqşünas onu da vurğulayıb ki, ölkəmizdə servis haqqının ləğv olunması və ya tələb olunması barəsində gələcəkdə hansısa qanunun qüvvəyə minməsi məsələsi hələ ki, gündəmdə deyil.
Hüquqşünas Bulud YusifovAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, bununla bağlı istehlakçılar tərəfindən böyük narazılıqlar var:
"Servis haqqı məsələsi 10 ilə yaxındır ki, Azərbaycan məişətinə daxil olub və genişlənməkdə davam edir. Bir çox restoranlarda kassa çekinə yazılsa da elə restoranlar var ki, yazılmır. Bu bəzi ölkələrdə qanunvericiliklə tənzimlənir, bəzi ölkələrdə yox. Azərbaycanda isə bu qanunvericilikdə göstərilməyib. Lakin Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, restoranda hər hansısa xidmət göstərilirsə, bu menyuda yazılmalıdır və istehlakçı öncədən bilməlidir".
E.Hüseynov qeyd edib ki, servis haqqı deyilən bir məsələ müəyyən faiz olmaqla dövlət tərəfindən tənzimlənməli və menyuda yazılmalıdır:
"Hətta bəzi restoranlar istehlakçılara "üzü dənizə tərəf əyləşmisən ödəniş etməlisən", "qız qəlyan çəkirsə onun ödənişini sən etməlisən" kimi ifadələr səsləndirirlər. Bütün bu hallar gərək aradan qaldırılsın".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov