Ötən gün yağan güclü yağış Qubanın Amsarqışlaq kəndində də ciddi fəsadlar törədib.
Yurd.Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sel nəticəsində Amsarqışlaq kəndinə gedən yeni yol su altında qalıb, həm də bağ sahələri, pomidor tarlaları və bir sıra fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.
Kəndin kənarından keçən çay daşaraq ətraf əraziləri basıb və kənd stadionunu yararsız vəziyyətə salıb. Sakin Tərlan Haktarinin yaşadığı evin yan divarları selin gücünə tab gətirməyərək aşıb, ev tamamilə qəzalı vəziyyətə düşüb. Ailə məcburiyyət qarşısında qohumlarının evinə köçüb.
Digər sakin Akif Babayevin də fərdi yaşayış evinə sel suları dolub.
Hazırda ərazidə təmizləmə və bərpa işləri aparılır.
Qeyd edək ki, aramsız yağan yağışlar Qubanın Çiçi kəndində də yaşayış evlərini dağıdıb. Bəzi evlərin giriş-çıxışını, damları sel yuyub aparıb, mənzillər uçma təhlükəsi ilə üz-üzədir.
Quba Rayon İcra Hakimiyyətindən hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər görüldüyü bildirilib.