Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpünün bərpasına başlayıblar.
Yurd.Media xəbər verir ki, bu barədə "Report"a agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, sel nəticəsində körpünün orta dayağı yuyulmuş və nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü: "Hazırda həmin dayağın bərpası işləri icra olunur. Bunun üçün əraziyə xüsusi texnikalar cəlb olunub. Qeyd edim ki, hadisə baş verəndə dərhal əraziyə agentliyimizin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".
A.Nəcəfli əlavə edib ki, hazırda sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.
Xatırladaq ki, aprelin 23-də intensiv yağıntılar nəticəsində güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəticədə Qubanın 30-dan çox kəndinə gediş-gəliş çətinləşib.