SÜJET
Yağıntılı hava qubada gilas məhsuldarlığını 70% azaIdıb.
Yurd.Media xəbər verir ki, son vaxtlar ölkənin şimal bölgəsində, xüsusilə Quba rayonunda havaların yağmurlu və qeyri-sabit keçməsi meyvə bağlarına ciddi ziyan vurub.
Quba rayonundakı gilas bağlarında yetişməkdə olan meyvələrin əksər hissəsi yararsız hala düşüb. Nəticədə fermerlər ciddi itkilərlə üzləşiblər.
Fermerlər "Baku TV" yə bildiriblər ki, Moldafqa, İtaliya, Ramanovka və Krım gilas sortları əkiblər, lakin bəzi bağlarda məhsulun cəmi 10 faizi belə qalmayıb. İsti havadan sonra yağan yağışlar və güclü külək meyvələrə ziyan vurub, xüsusilə dağ yamaclarındakı ağaclardakı gilaslar "yanıb" və yerə tökülüb.
Onların dediyinə görə, əvvəlki illərdə hər bağdan 5-10 min manat gəlir əldə edilirdi. Bu il isə gəlir min manata belə çatmır. Bu məbləğ çəkilən xərclərin yalnız 10 faizini ödəyir. Ötən il hər ağacdan 300-400 kiloqram məhsul toplanmışdısa, bu il bəzi ağaclardan 2-3 kiloqram belə götürmək mümkün olmayıb. Onlar ümumilikdə 10-15 min manat ziyana düşüblər.
Fermerlər bağlarını hələ sığorta etdirmədiklərini, lakin gələcəkdə bu addımı atmağı planlaşdırdıqlarını bildiriblər.
Kənd təsərrüfatı üzrə ekspert Tarverdi İsmayılovun sözlərinə görə, Quba rayonu üzrə son illərdə digər meyvə növləri ilə müqayisədə gilas bağlarının sahəsi daha çox artıb. Rayonda təxminən 3 min hektardan çox ərazi gilas bağlarına ayrılıb. Lakin bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə təxminən 70 faiz azalıb.
Mütəxəssis əlavə edib ki, fermerlər gilasın xəstəlik və zərərvericilərinə qarşı pestisidlərdən istifadə etsələr də, təbii iqlim şəraitinə görə dəymiş ziyanın yeganə qarşılama yolu olaraq əvvəlcədən meyvə bağlarını o cümlədən də gilas bağlarını sığortalamalıdırlar.