SÜJET
Paytaxtın mərkəzində, "Qış Parkı" kimi tanınan ərazidə yerləşən yeraltı keçidlərdəki eskalatorlar uzun illərdir işlək vəziyyətdə deyil.
Yurd.Media "Real Tv"-nin məlumatına istinadən xəbər verir ki, parkda yerləşən eskalatorlar və lift işləmir. Keçidlərdə toz basmış qurğular, tullantılar və baxımsız divarlar diqqət çəkir.
2013-cü ildə açılan parkda vətəndaşlar – yaşlı, gənc, hətta sağlamlıq imkanları məhdud şəxslər belə, işləməyən eskalatorlara görə uzun pilləkənlərdən istifadə etmək məcburiyyətində qalırlar.
Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı bildirib ki, eskalatorlar bir neçə ildir Bakı Nəqliyyat Agentliyinin balansına verilib. Agentliyin mətbuat katibi Tural Orucov isə keçidin təhvil zamanı texniki qüsurların olduğunu və hazırda əsaslı təmir üçün maliyyə ayrılmadığını qeyd edib.
Qeyd edək ki, eskalatorların nə zaman işləyəcəyi barədə konkret tarix deyilmir. Şəhər sakinləri və qonaqlar bir müddət də mövcud vəziyyətlə barışmaq məcburiyyətində qalacaqlar.