Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Şəhriyar Muradovun yeganə arzusu ailəsini kirayə dərdindən qurtarıb, başıüstə bir dam sahibi olmaqdır.
Yurd.Media xəbər verir ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində ailəsi ilə birgə şəraitsiz kirayə evdə yaşayan qazimiz "Real TV"-yə müraciət edib. O, bir həftə əvvəl ata olub, indi isə beş nəfərlik ailəsini kirayə evdə yaşatmaq üçün aldığı cəmi 80 manatlıq müavinətlə mübarizə aparır.
"Bir həftədir övladım dünyaya gəlib. Beş nəfərik – anam, qardaşım, həyat yoldaşım, körpəm və mən. Hamımız eyni evdə yaşayırıq. Anam bizi fəhləliklə böyüdüb, mən də hərbi xidmətə könüllü getdim. Qardaşımla eyni hissədə, eyni döyüşlərdə iştirak etdik. Mən yaralandım", – deyə Ş.Muradov bildirir.
Qazimiz heç kimdən hədiyyə və ya təmənnasız yardım istəmir. Onun arzusu sadə və halaldır – zəhmətinin qarşılığında ailəsini normal şəraitdə yaşada biləcək bir ev sahibi olmaq:
"Heç kimdən nə maşın, nə ev hədiyyəsi istəyirəm. Sadəcə halal zəhmətimlə qazandığım pulla kreditlə bir ev almaq istəyirəm. Ayda 300-500 manat qazansam, bu mümkündür. Tək istəyim odur ki, anam və körpəm kirayə dərdindən azad olsun.
"Şəhriyarın müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi operativ reaksiya verib. Məlumata görə, qazimiz "Əmək və Məşğulluq" alt sistemində işsiz şəxs kimi qeydiyyata alınıb və maldarlıq təsərrüfatı zərfi üzrə özünü məşğulluq proqramına daxil edilib.
2025-ci il fevralın 27-də onun təsərrüfatına ilkin baxış keçirilməsi üçün əlaqə saxlanılıb. Lakin Şəhriyarın həmin gün Bakıda olması səbəbindən baxış ertələnib. Yaxın günlərdə bu proses tamamlanacaq və qiymətləndirmə nəticəsində qazimiz proqramın növbəti mərhələlərinə cəlb ediləcək.
Gözləntilər böyükdür. Çünki bu proqram Şəhriyar Muradovun illərlə qurduğu arzunu – ailəsinə başıüstə bir dam təmin etməyi – reallığa çevirə bilər.