Onlayn sifarişlərdə artan narazılıq: Gömrükdə saxlanılan məhsullar və vətəndaşların çarəsizliyi

Onlayn sifarişlərdə artan narazılıq: Gömrükdə saxlanılan məhsullar və vətəndaşların çarəsizliyi

Bakı

Son zamanlar sosial şəbəkələrdə xaricdən onlayn sifariş verən vətəndaşların narazılığı artmaqdadır.

Yurd.Media "ATV Xəbər"-ə istinadən xəbər verir ki, insanlar sifariş etdikləri məhsulların gömrükdə saxlanılması və ya ümumiyyətlə ölkəyə buraxılmaması halları ilə üzləşirlər. Belə vəziyyət, əsasən, qadağan olunmuş məhsullarla bağlı yaranır.

Bəzi hallarda batareya, bəzən isə məhsulun maye tərkibli olması səbəbindən sifarişlər ləğv edilir. Bu zaman vətəndaşlar sifarişin niyə geri qaytarıldığını və ya çatdırılmadığını anlamaqda çətinlik çəkirlər.

Kargo şirkətinin əməkdaşı Pərviz Əzimovun sözlərinə görə, bu məhsullar əsasən hava nəqliyyatı ilə daşındığından həm aviaşirkətlərin, həm də Dövlət Gömrük Komitəsinin qaydalarına tabe olur. Nəticədə bəzi məhsulların ölkəyə gətirilməsi tamamilə qadağandır.

Marketoloq Nicat Manafov bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, xaricdən yalnız müəyyən məhsulların bağlama üsulu ilə gətirilməsinə icazə verilir. Lakin bəzi məhsulları müəyyən kargo şirkətləri qəbul etdiyi halda, digərləri riskə getmir.

Qanunla qadağan olunan məhsulların siyahısı Dövlət Gömrük Komitəsinin rəsmi saytında açıq şəkildə yerləşdirilib. Buna baxmayaraq, bəzi kargo şirkətləri bu məlumatı öz saytlarında dəqiq paylaşmır. Nəticədə vətəndaş sifarişi verdikdən sonra məhdudiyyətlə üzləşir.

“Əgər məhsulun daşınması mümkün deyilsə və bu barədə əvvəlcədən məlumat verilməyibsə, kargo şirkəti vətəndaşa ödənişi geri qaytarmalıdır. Lakin məhsul barədə yanlış məlumat təqdim olunubsa – məsələn, dərman geyim kimi bəyan edilibsə – bu zaman məsuliyyət sifarişçiyə aiddir,” – deyə kargo şirkətinin əməkdaşı Pərviz Əzimov bildirib.

Bu cür hallarla üzləşməmək üçün vətəndaşlara sifariş verməzdən əvvəl həm kargo şirkətinin, həm də Dövlət Gömrük Komitəsinin rəsmi məlumatları ilə tanış olmaları tövsiyə olunur.

Qeyd edək ki, Gömrük qanunvericiliyinə əsasən, aşağıdakı məhsulların ölkəyə gətirilməsi qadağandır:

Narkotik vasitələr

Saxta sənədlər və qiymətli metallar

Partlayıcı, yanıcı və radioaktiv maddələr

Pornoqrafik materiallar

Müvafiq icazəsi olmayan hər hansı digər məhsullar