SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Onlayn qumarda 51 min manat uddu, sonra hər şeyini itirdi: Gəncin ETİRAFLARI

Onlayn qumarda 51 min manat uddu, sonra hər şeyini itirdi: Gəncin ETİRAFLARI

Sürətli qazanc vədi, sosial şəbəkələrdə yayılan uğur hekayələri və iqtisadi çətinliklər bəzi gəncləri onlayn mərc və qumar oyunlarına aludəçiliyə sürükləyir. Lakin qısa müddətli qazanc arzusu bir çox hallarda ailələrin dağılması, borclanma, psixoloji sarsıntılar və geri dönüşü çətin olan itkilərlə nəticələnir.

Sosioloq Məmməd Kərimli Yurd.Media-ya bildirib ki, son illər gənclər arasında onlayn mərc və qumar oyunlarına marağın artması bir sıra sosial amillərlə bağlıdır.

Onun sözlərinə görə, ilk növbədə sürətli və asan qazanc əldə etmək istəyi, qısa müddətdə maddi rifahın yaxşılaşdırılacağına dair formalaşan yanlış gözləntilər bu prosesə təsir göstərir:

“Rəqəmsal texnologiyaların inkişafı nəticəsində mərc platformalarına çıxışın son dərəcə asanlaşması, müxtəlif reklam kampaniyaları və qumarın bəzi hallarda əyləncə vasitəsi kimi təqdim olunması da gənclərin bu sahəyə marağını artıran əsas amillər sırasındadır. İşsizlik və sosial şəbəkələrin təsiri də bu tendensiyanın yayılmasında mühüm rol oynayır. İş tapmaqda çətinlik çəkən və ya gələcək karyera imkanlarından narahat olan bəzi gənclər mərc oyunlarını əlavə gəlir əldə etməyin yolu kimi görürlər.

Sosial şəbəkələrdə böyük uduşlar qazanan şəxslərin hekayələrinin, bahalı həyat tərzinin və uğur görüntülərinin paylaşılması isə reallığı tam əks etdirməyən təsəvvür yaradır. Nəticədə bəzi gənclərdə risk etməklə qısa zamanda yüksək gəlir əldə etməyin mümkün olduğu düşüncəsi formalaşır”, – deyə sosioloq bildirib.

Məmməd Kərimli qeyd edib ki, bu meyl ailə münasibətlərinə də ciddi təsir göstərə bilər:

“Mərc və qumar oyunları nəticəsində yaranan maddi itkilər ailədaxili gərginliyi artırır, ailə üzvləri arasında etimadın zəifləməsinə səbəb olur. Xüsusilə gənclərin borclanması, maliyyə problemlərini ailədən gizlətməsi və ya bu məqsədlə yaxınlarından pul istəməsi münasibətlərdə ciddi problemlər yarada bilir. Uzun müddət davam edən bu vəziyyət ailədaxili münaqişələrin artmasına, psixoloji gərginliyə və sosial təcrid hallarına gətirib çıxara bilər”, – deyə o vurğulayıb.

Bir gəncin alt-üst olan həyatı

Mərc asılılığından xilas olmuş və adının açıqlanmasını istəməyən gəncin hekayəsi isə bu problemin yaratdığı fəsadları bütün çılpaqlığı ilə ortaya qoyur.

“Mərc oyunları ilə ilk tanışlığım ətrafımdakı bəzi dostların bu oyunları oynaması ilə başladı. Onlar az məbləğlə böyük qazanc əldə etdiklərini deyirdilər. Maraqlısı odur ki, həmin insanların əksəriyyəti borc içində idi. Eyni zamanda, sosial şəbəkələrdə qarşıma tez-tez şirnikləndirici vədlərlə reklamlar çıxırdı. Əslində, bu oyunların bir çox insanı müflis etdiyini bilirdim. Buna baxmayaraq, özümə "Bir dəfə oynayım, sonra bir də oynamaram" dedim.

İlk dəfə 210 manat mərc etdim. Təxminən 28 saat fasiləsiz, telefon əlimdə oynadım və nəticədə 51 min manat udum. Həmin an özümü qalib hesab edirdim. Sonradan anladım ki, bu, əslində mənim asılılığımın başlanğıcı imiş. Kazino ilk qələbə ilə məni özünə bağladı.

İlk böyük uduzduğum məbləğ elə qazandığım 51 min manat oldu. Həmin pulla avqust ayında Antalyaya iki həftəlik istirahətə getdim. Düşünürdüm ki, bundan sonra həmişə qazanacağam.

Antalyada hər gün əyləncə və kazino həyatımın bir hissəsinə çevrildi. Təxminən 35 min manat qazancımı "yenə udaram" düşüncəsi ilə yenidən oyuna yatırdım və hamısını itirdim. Hətta vəziyyət o həddə çatdı ki, evə qayıtmaq üçün Bakıya zəng edib pul göndərilməsini istəməli oldum. O gün başa düşdüm ki, mərc oyunlarında qazandığını düşündüyün pul əslində sənə aid olmur. O pul səni yenidən oyuna qaytarmaq üçün verilən bir yemdir.

Ən ağır zərbəni ailəm aldı. Atamın üç oteli var idi. Mən isə "oynayaram, udaram və yerinə qoyaram" düşüncəsi ilə kassalardan pul götürməyə başladım. Sonradan otellərin dövriyyə və maya xərclərini də bu aludəçiliyə sərf etdim.

Borclar, yalanlar və davamlı stress ailəmizi sarsıtdı. Atam bu gərginlik nəticəsində infarkt keçirdi. Yaxınlarım isə mənim mərc asılılığımı öyrəndikdən sonra mənə olan etibarlarını itirdilər. Sonralar hansısa iş üçün kömək istəyəndə, artıq mənə güvənmədikləri üçün dəstək göstərmədilər. Mənim üçün ən ağır itkilərdən biri insanların etibarını itirmək oldu.

Mən ilk növbədə sağlamlığımı itirdim. Dərin depressiya yaşadım. Həyatımın elə bir mərhələsi oldu ki, ümidsizlik məni özümə qəsd etməyə qədər apardı və bunun nəticəsində 56 gün komada qaldım.

Bununla yanaşı, böyük pullar qazanmaq ümidi ilə həm pulumu, həm vaxtımı, həm də həyatımın ən gözəl illərini itirdim. Sonradan anladım ki, itirilmiş sağlamlığı, vaxtı və insan münasibətlərini heç bir pulla geri qaytarmaq mümkün deyil.

Əgər geriyə qayıtmaq imkanım olsaydı, ilk dəfə mənə kazino oynamağı məsləhət görən adamdan elə həmin anda uzaqlaşardım və onunla əlaqəmi birdəfəlik kəsərdim.

Çünki bu aludəçilik bir oyundan başlamır. O, "bir dəfə yoxlayım", "bir də oynayıb çıxaram" kimi düşüncələrlə başlayır və insanın həyatını yavaş-yavaş əlindən alır. Kaş ki, o gün özümə desəydim: "Qısa yolla gələn pulun sonu çox vaxt uzun peşmançılıq olur".

Mənə kömək əlini ilk uzadan qardaşım oldu. O, Avropada yaşayırdı. Mən artıq ikinci dəfə intihar etməyi düşünəndə ona bir cümlə yazdım: "Məni xilas elə. Gecikəcəksən, onda mən olmayacağam".

Əslində, onu da çox aldatmış, dəfələrlə pul almışdım. Buna görə də əvvəlcə mənə yaxın durmaq istəmirdi. Amma yenə də son ümidini üzmədi. Gəldi, məni Estoniyanın paytaxtı Tallinə apardı və orada reabilitasiya keçməyimə kömək etdi.

Sağalma prosesində başa düşdüm ki, insan yalnız mühiti dəyişməklə də dəyişə bilir. Mən həyatımı yenidən qurmaq üçün mərc oynadığım dövrlərdə tanıdığım insanlarla bütün əlaqələrimi kəsdim və tamamilə yeni bir çevrə formalaşdırdım.

Gənclərə demək istəyirəm ki, mərc oyunları sizdən ilk növbədə pulunuzu deyil, arzularınızı, vaxtınızı və şəxsiyyətinizi oğurlayır. İtirdiyiniz zamanın peşmanlığını illərlə yaşamaq məcburiyyətində qalmamaq üçün bu aludəçiliyin qurbanına çevrilməyin.

Ölüb getmək həyatın bir gerçəyidir. Amma daha ağır olanı, mənəvi cəhətdən ölü kimi yaşamaq, gəncliyinizi, xəyallarınızı və gələcəyinizi öz əllərinizlə məhv etməkdir. Gənclik bir dəfə verilir. Onu ekran qarşısında uduzulan pullara deyil, təhsilə, ailəyə, dostlara, səyahətlərə, özünüzü inkişaf etdirməyə və xəyallarınızı həyata keçirməyə sərf edin.

Bir anlıq həyəcan üçün bütün həyatınızı riskə atmayın. Çünki kazino heç kimi zəngin etmir, sadəcə insanı özündən, sevdiklərindən və gələcəyindən uzaqlaşdırır.

Bu müsahibəni verməkdə məqsədim özümü haqlı göstərmək deyil. Məqsədim mənim düşdüyüm uçuruma başqa gənclərin düşməməsi və ən azı bir insanın belə bu aludəçilikdən uzaq qalmasına səbəb olmaqdır.”

Polisdən xəbərdarlıq

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Yurd.Media-ya bildirib ki, qanunsuz qumar oyunlarının təşkili və ya keçirilməsi, eləcə də belə oyunların oynanıldığı virtual mühitə çıxışın təmin edilməsi qanunla qadağandır.

Onun sözlərinə görə, sosial şəbəkələrin Azərbaycan seqmentində qanunsuz qumar oyunlarının reklamı və təbliğatı da əlavə hüquqi məsuliyyət yaradır.

DİN əməkdaşı Cəsarət QənbərliDİN əməkdaşı Cəsarət Qənbərli

“İnternet resursları və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır. Polis əməkdaşları tərəfindən bu şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür”, – deyə Cəsarət Qənbərli qeyd edib.

DİN vətəndaşları sosial şəbəkələrdə qanunsuz mərc və qumar oyunları adı altında təqdim olunan təkliflərə aldanmamağa və belə hallarla qarşılaşdıqları təqdirdə dərhal polisə məlumat verməyə çağırıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları