Mövsümündən kənar meyvələrə tələbat artıb – Mütəxəssislər xəbərdarlıq edir

Mövsümündən kənar meyvələrə tələbat artıb – Mütəxəssislər xəbərdarlıq edir

Havaların isinməsi ilə bazarlarda qarpız və yemiş kimi mövsümündən kənar meyvələrə tələbat artıb.

Yurd.Media "İctimai TV"-yə istinadən xəbər verir ki, satıcılar xüsusilə isti günlərdə alıcıların bu meyvələrə maraq göstərdiyini bildirirlər. Lakin qeyd olunur ki, hələ onların mövsümü başlamayıb.

Hazırda bazarda qarpızın bir kiloqramının qiyməti 2-4 manat, yemişin isə 5-7 manat arasında dəyişir. Satıcıların sözlərinə görə, bu məhsullar əsasən İrandan idxal olunur və keyfiyyət baxımından yerli məhsullardan geri qalmır.

“İranda hazırda qarpız-yemiş mövsümüdür. Bu günə qədər meyvələr oradan gətirilir. Artıq 25 ildir, bu məhsulların satışı ilə məşğulam və heç bir problem olmayıb”, – satıcı Bəxtiyar Həsənov bildirib.

“Deyirlər, meyvəni mövsümündə yeyərlər, lakin mən ilin dörd fəslində də qarpız yeməyi sevirəm. Hər zaman alıram və indiyə qədər heç bir ziyanını görməmişəm”, – alıcı Elvin Həsənov deyib.

Bununla belə, qida üzrə mütəxəssis Seymur Qafarov mövsümündən əvvəl bazara çıxarılan meyvələrin sağlamlıq baxımından risk daşıdığını bildirir:

“Bu məhsulların düzgün şəraitdə saxlanılmaması mikrobioloji proseslərin sürətlənməsinə və nəticədə qida zəhərlənmələrinə səbəb ola bilər”.

Qeyd edək ki, qida təhlükəsizliyi üzrə ekspertlər həm yerli, həm də idxal məhsullarının müvafiq nəzarət prosedurlarından keçirildiyini və yalnız analiz nəticələri müsbət olan məhsulların satışına icazə verildiyini vurğulayırlar. Lakin məhsulların saxlanma şəraitinə əməl edilmədikdə, istənilən meyvə sağlamlıq üçün təhlükə yarada bilər.