Mərdanov qardaşları küçəsində yol problemi - Sakinlər narazıdır

Mərdanov qardaşları küçəsində yol problemi - Sakinlər narazıdır

Bakı

Mərdanov qardaşları küçəsində yol problemi sakinləri təngə gətirib.

Yurd.Media ATV Xəbərə istinadən xəbər verir ki, Bakının Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yolun vəziyyəti sakinlərin narazılığına səbəb olub. Onlar iddia edirlər ki, ərazidə söküntü işləri aparan şirkətin fəaliyyəti nəticəsində küçənin infrastrukturu bərbad hala düşüb.

Sakinlərin sözlərinə görə, şirkətə məxsus ağır tonnajlı texnikanın intensiv hərəkəti yolları sıradan çıxarıb, eyni zamanda kommunikasiya xətlərində nasazlıqlar yaradıb. Bu da azmış kimi söküntü aparılan əraziyə məişət tullantıları da atılır.

Ərazidə fəaliyyət göstərən “Pilot 16” tikinti şirkətinin direktoru Aslan Quliyev məsələyə münasibət bildirib. Onun sözlərinə görə, şikayət olunan mənzillərdə söküntü işləri aparılmır və yalnız qarşı tərəfdə işlər görülür. Həmin yolun gələcəkdə genişləndirilməsi və asfaltlanması planlaşdırılır.

Şirkət rəhbəri həmçinin bildirib ki, Mərdanov qardaşları küçəsində yalnız 3 sakin köçürülməyib. Onlar da ərazini tərk etdikdən sonra ətraf tam şəkildə hasarlanacaq.