Masallıda “Startap və İnnovasiya Ayı” çərçivəsində qalib layihələrin mükafatlandırma mərasimi keçirildi
Masallı rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Startap və İnnovasiya Ayı” çərçivəsində keçirilən layihələrin qalibi olan şagirdlərin mükafatlandırma mərasimi keçirilib.
Yurd.Media xəbər verir ki, tədbirdən əvvəl mövzu ilə bağlı hazırlanmış “Startap və innovasiya” sərgisinə baxış keçirilib. Sərgidə gənclərin və təşəbbüskarların təqdim etdiyi müxtəlif innovativ layihələr nümayiş olunub.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qeyd edib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. O bildirib ki, “Startap və İnnovasiya Ayı” çərçivəsində rayonun müxtəlif məktəblərində təşkil olunan layihələr, ideya müsabiqələri və startap təşəbbüsləri gənclərin böyük potensiala, geniş dünyagörüşünə və yeniliklərə açıq düşüncəyə malik olduğunu bir daha nümayiş etdirir.
Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev çıxışında bildirib ki, cari ilin fevral ayında keçirilən təşəbbüsə rayon üzrə 93 ümumtəhsil məktəbindən 70-dən çoxu qoşulub və 500-dən artıq şagird layihələrin hazırlanmasında iştirak edib. Bu müddət ərzində ümumilikdə 120-dən çox layihə təqdim olunub ki, bu da şagirdlərin yaradıcılıq potensialının və təşəbbüskarlıq ruhunun göstəricisidir.
Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək “Startap və İnnovasiya Ayı”nın əhəmiyyətindən danışıb, qalibləri təbrik edib və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin davamında aylıq çərçivəsində görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib, müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlər diplom və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb.