SÜJET
Masallı rayonunda yaşayan bir qrup şəxs Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsində çalışdıqlarını, lakin xəbərdarlıq edilmədən işdən çıxarıldıqlarını bildiriblər. Onların sözlərinə görə, əmək müqavilələrinə xitam verilsə də, bu barədə əvvəlcədən məlumat verilməyib və kompensasiya ödənilməyib.
Yurd.Media "İtv"-yə istinadən xəbər verir ki, şikayətçilər iddia ediblər ki, bu sahədə illərlə işləyiblər və işlərində hər hansı nöqsan olmayıb. Onlardan biri qeyd edib ki, 2016-cı ildən müqavilə ilə işləyib və 2025-ci il yanvarın 6-da işdən çıxarılıb. Onun sözlərinə görə, ümumilikdə 40-a yaxın şəxs eyni şəkildə işdən azad olunub.
Digər şikayətçilər isə deyiblər ki, onlara işdən çıxarılmaları barədə heç bir hüquqi əsas təqdim olunmayıb. Yaşlarının 50-60 arasında olduğunu deyən şəxslər iş tapmaqda da çətinlik çəkdiklərini bildiriblər. Onların sözlərinə görə, Məşğulluq Agentliyi və digər qurumlara müraciət etsələr də, uyğun iş tapılmayıb.
Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsindən bildirilib ki, həmin şəxslər onların əməkdaşları deyil. Onlar "DOST İş Mərkəzi" ilə müqavilə əsasında ödənişli ictimai işlərdə çalışıblar və işdən azad olunmaları bu qurumun qərarı ilə baş verib.
“DOST” İş Mərkəzindən isə bildirilib ki, həmin şəxslərin işdən xəbərdarlıq edilmədən çıxarıldıqları ilə bağlı iddialar əsassızdır. Çünki “DOST İş Mərkəzi" tərəfindən ödənişli ictimai işlərdə çalışan şəxslərə müqavilələrinin müddətinin bitməsinə ən geci bir həftə qalmış “Əmək və məşğulluq” altsistemi (ƏMAS) üzərindən xəbərdarlıq göndərilib.
Qurumun İctimai Əlaqələr Şöbəsinin müdiri Rüstəm İbadovun sözlərinə görə, işdən çıxarılan şəxslərlə “İşçinin dostu” proqramı daxilində 2021-ci ilin yanvar ayının 5-də əmək müqaviləsi bağlanıb. 2025-ci il yanvar ayının 6-da isə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, yəni əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar onların müqaviləsinə xitam verilib.
Qurumdan həmçinin da bildirilib ki, ödənişli ictimai işlərdə çalışanların əmək müqavilələrinin müddəti başa çatsa da, həmin şəxslərin işə qaytarılmaları üçün tədbirlər görülür. Belə ki, proqramda iştirak etmiş şəxsin əmək müqaviləsi müddəti başa çatdığı gün məşğulluq proqramına müraciət edərək qeydiyyata alına bilərlər.